“Abituriyentlər üçün ən kritik vəziyyət 200-300 bal aralığındadır” - ixtisas seçimini necə etməliyik? - ÖZƏL
02 Aug 2026, 10:05 31 baxış 4 dəq oxuma
“Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin açıqlamasını abituriyentlər çoxdan gözləyirdilər. Çünki ixtisas seçiminin vaxtı yaxınlaşır. Məleykə Abbaszadə mövcud vəziyyəti real şəkildə şərh etdi. Onun şərhindən belə nəticəyə gəlmək olar ki, 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlərin keçid ballarında azalma müşahidə olunacaq. Abituriyentlər üçün ən kritik vəziyyət 200-300 bal aralığındadır. Çünki 200-300 bal toplamış abituriyentlərin sayı çox olduğuna görə burada balların müəyyən qədər artacağı gözlənilir. Məleykə xanım abituriyentlərə ixtisas seçimində diqqətli olmalarını da tövsiyyə etdi. İxtisas seçimi də təbii ki, statistik jurnala əsaslanacaq. İxtisas seçimi zamanı abituriyent diqqətli olmalı, özünün təxmini hansı yerdə olduğunu bilərək ona uyğun addım atmalıdırlar”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan dili və Ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov deyib.
O daha sonra əlavə edib:
“DİM sədrinin vacib açıqlamalarından biri də I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbulun mümkünlüyünü deməsi oldu. Bu ilə qədər bu ixtisaslara göstərilən balla abituriyent ixtisas seçə bilmirdi.
Bununla yanaşı, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisaslarının da bu siyahıya əlavə edilidiyini bildirdi. Əvvəlki illərdə I qrup üzrə mövcud bal toplamış (yəni blok imtahanında 100 balı keçməyən) abituryentlər yalnız aşağıda göstərilən ixtisasları seçə bilərdi: aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik.
Bu ilə qədər, II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul mümkün idi. Bu ildən isə mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da bu siyahıya daxil edilib.
III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir".
Muradxan Hüseynov bildirib ki, Məleykə Abbaszadə deyir ki, IV ixtisas qrupu üzrə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür:
"Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər". Düşünürəm ki, bütün bu yeniliklər abituryentlərin xeyirinə atılmış addımlardır. Mövcud tələbləri ödəyən abituriyentlər əgər ixtisas seçimi zamanı diqqətli olarsa, düşünürəm ki, ali məktəbə daxil ola bilərlər. Sadaladığımız ixtisaslarda boş yerlər qalırdı. Həmin o abituriyentlər də xaricə üz tuturdu. Ən azından bu da valideynlərə ciddi çətinlik yaradırdı. Düşünürəm ki, mövcud bal toplamış abituriyentlər kənarda qalmayacaqlar, təhsillərini öz ölkəmizdə davam etdirəcəklər”.