Ukraynanın paytaxtı Kiyev şəhəri işğalçı Rusiyanın növbəti kütləvi hücumuna məruz qalıb, azı 10 nəfər həlak olub. 




 
Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" agentliyi məlumat yayıb.
 
Kiyevə kütləvi hücum

Rusiya avqustun 2-nə keçən gecə Kiyev və ətrafına növbəti kütləvi raket zərbəsi endirib. "Reuters"-in məlumatına görə, hücum nəticəsində azı 10 nəfər həlak olub, onlarla insan yaralanıb. Şəhərin müxtəlif rayonlarında yaşayış binaları, məktəb, infrastruktur obyektləri və Litvanın Kiyevdəki səfirliyi zərər görüb, çoxsaylı yanğınlar baş verib.
 
"Patriot" raketləri çatışmır
 
Ukrayna prezidenti Vladimir Zelenski "Patriot" raketlərinin çatışmazlığının hava hücumundan müdafiəni ciddi zəiflətdiyini bildirib. O bildirib ki, Rusiya gecə ərzində ölkəyə 35 raket, o cümlədən 27 ballistik raket və 185 müxtəlif tipli pilotsuz uçuş aparatı buraxıb.
 
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri ballistik raketlərdən yalnız birini məhv edə bilib. Zelenski bunu "Patriot" zenit-raket kompleksləri üçün raket çatışmazlığı ilə əlaqələndirib və Qərb müttəfiqlərini hava hücumundan müdafiə sistemləri ilə bağlı yardımı sürətləndirməyə çağırıb.
 
Ukraynanın cavab zərbələri

Eyni gecə Ukrayna Rusiyanın dərinliklərində də zərbələr endirib. Ukrayna dronları Rusiyanın neft emalı zavodunu, hərbi hava limanını və logistika mərkəzini vurub. Məlumata görə, dronlar Saratov neft emalı zavodunu, Engels-2 hərbi hava limanını və Samara vilayətində yerləşən "Wildberries" logistika mərkəzini hədəfə alıb. 

Saratov vilayətinin qubernatoru mülki infrastrukturun zərər gördüyünü və xəsarət alanların olduğunu təsdiqləyib. Son günlər Ukraynanın Rusiyanın neft infrastrukturu, hərbi bazaları və logistika obyektlərinə endirdiyi uzaqmənzilli zərbələrin müharibənin gedişinə təsirini artırdığı bildirilir. ABŞ dövlət katibi Marko Rubio da bu hücumların münaqişənin dinamikasını dəyişdirdiyini bəyan edib.