NATO Avropada nüvə çəkindirməsini gücləndirməyə hazırlaşır




 
Şimali Atlantika İttifaqı (NATO) Rusiyadan qaynaqlanan təhlükə fonunda ABŞ-nin Avropadakı qeyri-strateji nüvə arsenalını genişləndirməyi nəzərdən keçirir. Yeni yerləşdirmə məntəqələri arasında Polşa, Finlandiya və Litvanın da adı çəkilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti yazıb.
 
Yeni nüvə strategiyası hazırlanır
 
Nəşrin məlumatına görə, NATO Avropada nüvə çəkindirməsini gücləndirmək üçün yeni planlar hazırlayır. Variantlardan biri ABŞ-nin əlavə B61-12 tipli nüvə bombalarının Avropada yerləşdirilməsidir. Ekspertlər hesab edir ki, onların bir hissəsi artıq Böyük Britaniyadakı "Leykenhit" aviabazasına köçürülə bilər. Təhlükəsizlik vəziyyəti pisləşərsə, Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilir.
 
"Soyuq müharibə"dən sonra Avropadakı ABŞ nüvə arsenalı xeyli azaldılıb. Hazırda Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədə yerləşən altı aviabazada təxminən 100 B61-12 bombasının qaldığı ehtimal edilir. NATO-nun nüvə paylaşımı mexanizmi çərçivəsində bu silahlardan müttəfiq ölkələrin döyüş təyyarələri istifadə edə bilər.
 
"Zərurət yaranarsa dəyişiklik ediləcək"
 
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Avropadakı nüvə silahlarının sayının artırılmasını istisna etməyib. O bildirib ki, alyans nüvə çəkindirmə sistemini daim təhlil edir və ehtiyac yaranarsa dəyişikliklər həyata keçirəcək.
 
İyunda NATO-nun Nüvə Planlaşdırma Qrupunun iclasından sonra qəbul edilən bəyanatda alyansın nüvə potensialını modernləşdirmək, planlaşdırma imkanlarını genişləndirmək və çəkindirmə sistemini yeni təhlükələrə uyğunlaşdırmaq niyyəti təsdiqlənib.
 
ABŞ arsenalı artırıla bilər
 
ABŞ-li nüvə silahları üzrə ekspert Robert Piters hesab edir ki, yaxın iki il ərzində Vaşinqton Avropada əlavə 100-150 qeyri-strateji nüvə başlığı yerləşdirə bilər. Onun fikrincə, bu addım Rusiyanın hərbi risklərini azaltmağa xidmət edəcək.
 
NATO-nun keçmiş rəsmisi Cim Stoks isə hesab edir ki, məqsəd Rusiya ilə nüvə başlıqlarının sayına görə yarışmaq deyil, ABŞ-nin müttəfiqlərinə verdiyi təhlükəsizlik təminatını gücləndirməkdir. O, alyansın strategiyasını belə izah edib: "İstəyirik ki, Putin hər səhər qəhvə içərkən "bu gün hücum etməyin vaxtı deyil" qənaətinə gəlsin".
 
Stoksun sözlərinə görə, NATO-nun nüvə çəkindirməsinin əsas məqsədi də məhz budur. Məqalədə qeyd olunur ki, Fransa və Böyük Britaniyanın nüvə potensialı əlavə təminat sayılsa da, ABŞ-nin nüvə "çətiri"ni əvəz edə bilməz. Eyni zamanda, alyans mümkün qərarların hamısını açıqlamaya bilər və ABŞ-nin Avropadakı nüvə silahlarının dəqiq sayı ilə yerləşdirmə məntəqələri məxfi saxlanılacaq.