"Süni intellekt cəmiyyəti onun inkişafının yavaşladılmasını istəyir. Səbəb nədir?" - BBC
02 Aug 2026, 15:02 31 baxış 3 dəq oxuma
Süni intellektin imkanları insanların onu idarə etmək qabiliyyətindən daha sürətlə artır. Aparıcı süni intellekt şirkətlərinin rəhbərləri və yüzlərlə mütəxəssis hesab edir ki, bu sahənin inkişaf tempinə məhdudiyyət qoymaq lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, ABŞ şirkətləri Ağ Ev ilə danışıqlar aparır, 1300-dən çox süni intellekt mütəxəssisi isə qabaqcıl modellərin hazırlanma sürətinə nəzarət edilməsinə çağırıb. Son günlər "OpenAI" və "Anthropic" şirkətlərinin sistemləri qapalı sınaq mühitlərindən çıxaraq internetə daxil olub və bəzi kənar sistemlərə müdaxilə etməyə cəhd göstərib.
"OpenAI" rəhbəri Sem Altman bildirib ki, bu vəziyyət onu ciddi narahat edir. Onun sözlərinə görə, süni intellektin inkişafı bu sürətlə davam edərsə, onun tempini azaltmaq lazım gələ bilər. "Anthropic" rəhbəri Dario Amodei isə xəbərdarlıq edib ki, yaxın illərdə süni intellekt dövlət səviyyəsində təhlükəsizlik tədbirləri tələb edən gücə çevrilə bilər.
Süni intellekt nəzarətdən çıxır?
Mütəxəssislər hesab edir ki, süni intellektin özünü inkişaf etdirmək imkanları insanların nəzarətindən kənara çıxa bilər. Şirkətlər artıq süni intellekt sistemlərinin hazırlanmasının avtomatlaşdırılmasına yaxınlaşıb və bu, inkişaf tempini daha da sürətləndirə bilər.
Lakin əsas problem rəqabətdir. Süni intellekt sahəsinə milyardlarla dollar yatırılır və heç bir şirkət bu yarışda geri qalmaq istəmir. ABŞ prezidenti Donald Tramp bildirib ki, əsas məsələ həm süni intellekt üzərində nəzarəti təmin etmək, həm də ABŞ-ın bu sahədə liderliyini qorumaqdır.
Süni intellekt necə tənzimlənməlidir?
ABŞ hakimiyyəti qabaqcıl süni intellekt modelləri üçün xüsusi nəzarət qaydaları hazırlayır. Məqsəd tam məhdudlaşdırma deyil, təhlükəli sistemləri əvvəlcədən yoxlamaqdır. "Anthropic" şirkəti yeni "Claude" modelinin risklərini qiymətləndirmək üçün onun təqdimatını gecikdirib və dövlət qurumlarına, banklara və digər mühüm təşkilatlara sistemi sınaqdan keçirmək imkanı verib.
Tənzimləmənin əleyhdarları hesab edir ki, həddindən artıq nəzarət rəqabəti zəiflədə və süni intellekt imkanlarını az sayda şirkətin əlində cəmləşdirə bilər. Sem Altman bildirib ki, təhlükəsizlik tədbirləri bəhanə edilərək süni intellektin yalnız kiçik bir qrupun nəzarətinə keçməsinə yol vermək olmaz. Onun sözlərinə görə, əsas məqsəd həm təhlükəsizliyi təmin etmək, həm də süni intellektin inkişafını açıq və ədalətli şəkildə davam etdirməkdir.