ABŞ və İran arasında davam edən müharibə, eləcə də Rusiya-Ukrayna qarşıdurması getdikcə daha çox bir-biri ilə əlaqələnir və yeni ölkələri əhatə edir. Analitiklər hesab edir ki, bu proses qlobal enerji bazarına və beynəlxalq təhlükəsizliyə ciddi təsir göstərə bilər.
 




Moderator.az xəbər verir ki, bu barədə "fortune.com" nəşri yazıb.
 
Münaqişələr bir-birinə qarışır
 
Nəşr yazır ki, Ukraynanın Xəzər dənizində İrana məxsus hərbi yük daşıyan gəmiyə zərbə endirməsindən bir neçə gün sonra Misirin Aralıq dənizi sahillərində maye qaz tankerlərinə pilotsuz aparatlarla hücum edilib. Ekspertlər bunun təsadüf olmaya biləcəyini və iki münaqişənin getdikcə bir-birinə yaxınlaşdığını bildirir.
 
Analitiklərin fikrincə, belə hadisələr Avropada qaz qiymətlərinə, dəniz daşımalarına və sığorta xərclərinə təsir göstərə bilər. Bəzi ekspertlər Ukraynanın bu addımını ABŞ və İsrailə dəstək nümayişi, digərləri isə İrana siyasi mesaj kimi qiymətləndirir.
 
Eyni zamanda qeyd olunur ki, Rusiya da qarşıdurmanın coğrafiyasını genişləndirməyə çalışır. Son aylarda Rumıniya və Polşa yaxınlığında baş verən insidentlər NATO ilə gərginliyin artdığını göstərən siqnallar kimi dəyərləndirilir.
 
Hörmüz boğazı əsas həlledici amilə çevrilir
 
Bu arada "The New York Times" nəşri yazır ki, ABŞ hərbi üstünlüyünə baxmayaraq, müharibədə qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilməyib. Nəşrin yazdığına görə, İran ciddi itkilər versə də, nüvə və raket proqramlarını tam itirməyib, Hörmüz boğazı üzərində təsir imkanlarını isə qoruyub saxlayır.
 
Ekspertlər hesab edir ki, məhz Hörmüz boğazına nəzarət müharibənin nəticəsini müəyyən edə bilər. Onların fikrincə, əgər İran bu strateji bölgədə mövqelərini qorusa, bu, Vaşinqtonun ciddi geosiyasi uğursuzluğu kimi qiymətləndiriləcək.
 
Analitiklər bildirir ki, müharibə ABŞ-ın müttəfiqləri arasında da narahatlıq yaradıb. Bir sıra ölkələr təhlükəsizlik baxımından Vaşinqtondan asılılığı azaltmağa və digər güc mərkəzləri ilə əlaqələri genişləndirməyə çalışır.
 
Nəşrin ümumi qənaətinə görə, İran və Ukrayna ətrafındakı münaqişələr artıq ayrı-ayrı regional qarşıdurmalar deyil, enerji marşrutlarını, beynəlxalq ticarəti və qlobal təhlükəsizlik sistemini əhatə edən daha geniş geosiyasi böhrana çevrilməkdədir.