Pişiklərin mırıltısı uzun illər yalnız rahatlıq və məmnunluq əlaməti hesab edilsə də, son araşdırmalar göstərir ki, bu səslər insanların davranışına təsir göstərmək üçün istifadə olunan mürəkkəb ünsiyyət vasitəsi ola bilər.
Moderator.az Science Focus nəşrinə istinadən xəbər verir ki, alimlərin fikrincə, pişiklər xüsusilə yemək istədikləri zaman mırıltılarına insan körpəsinin ağlamasını xatırladan yüksək tezlikli səslər əlavə edərək insanların diqqətini çəkməyi və onlardan istədiklərini almağı bacarırlar.
Mırıltı necə yaranır?
Uzun illər alimlər pişiklərin mırıltısının necə yarandığını araşdırıblar. Vaxtilə bu səsin qan axını ilə əlaqəli olduğu düşünülsə də, müasir tədqiqatlar bu nəzəriyyəni təkzib edib.
Hazırkı elmi məlumata görə, mırıltı qırtlaq nahiyəsində baş verən hərəkətlər nəticəsində yaranır. Pişik səs tellərinin yerləşdiyi hissəni daraldır və bu, həm nəfəs alarkən, həm də nəfəs verərkən xarakterik titrəyiş yaradır.
Alimlər pişik beynində bu prosesi başladan sinir mexanizmini müəyyən etsələr də, onun hansı hallarda aktivləşdiyi hələ də tam aydın deyil. Müşahidələr göstərir ki, pişiklər müxtəlif səbəblərdən mırıldaya bilirlər.
İnsan instinktlərindən məharətlə istifadə edirlər
Bu mövzuda ən maraqlı araşdırmalardan biri İngiltərənin Sasseks Universitetində aparılıb. Tədqiqat zamanı məlum olub ki, pişiklər yemək istəyəndə çıxardıqları mırıltının tərkibində insan körpəsinin ağlamasına bənzəyən yüksək tezlikli səs komponenti olur.
Araşdırmanın müəlliflərindən biri, doktor Karen Makkombun sözlərinə görə, pişiklər insanların qayğı göstərmək instinktindən istifadə etməyi öyrəniblər. Onun fikrincə, mırıltının içinə belə bir səs əlavə etmək açıq şəkildə miyoldamaqdan daha təsirli üsuldur və insanların daha tez reaksiya verməsinə səbəb olur.
Mırıltı həmişə xoşbəxtlik əlaməti deyil
Mütəxəssislər bildirirlər ki, pişiyin mırıldaması onun mütləq rahat və xoşbəxt olduğu anlamına gəlmir. Onlar ağrı hiss etdikdə, güclü stress keçirdikdə və ya zədə aldıqdan sonra da mırıldaya bilirlər.
Alimlərin fikrincə, belə hallarda mırıltı həm heyvanın özünü sakitləşdirməsinə, həm də insanların diqqətini vəziyyətinə cəlb etməsinə kömək edə bilər.