Son üç ildə İsraildən daimi yaşayış məqsədilə xaricə köçənlərin sayı rekord həddə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Vesty.co.il" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Təl-Əviv Universiteti tədqiqatçılarının hazırladığı araşdırmada bildirilir ki, təkcə 2025-ci ildə ölkəni tərk edən israillilərin sayı 90 min 922 nəfər olub. Ümumilikdə isə 2023–2025-ci illərdə təxminən 268 min İsrail vətəndaşı xaricə köçüb. Müqayisə üçün qeyd olunur ki, 2013–2015-ci illərdə bu göstərici 183 min 219 nəfər təşkil edib.
Tədqiqat İsrail Mərkəzi Statistika Bürosunun məlumatları əsasında Təl-Əviv Universitetinin Kohler İdarəetmə Fakültəsinin professoru İtai Atar, professor Netai Berqman və doktorant Doron Zamir tərəfindən hazırlanıb.
2025-ci il üzrə 12 ay və daha uzun müddətli mühacirət statistikası hələ tam formalaşmadığı üçün araşdırmada ən azı üç ay ölkədən kənarda qalan şəxslərə dair məlumatlardan istifadə olunub. Onların qənaətinə görə, 2023-cü ildə başlayan mühacirət dalğası 2025-ci ildə də davam edib və son illərin ən yüksək səviyyəsinə çatıb.
Professor İtai Atarın sözlərinə görə, hazırkı rəqəmlər hələlik İsrailin sabitliyi üçün birbaşa təhlükə yaratmasa da, tendensiyanın uzun müddət davam etməsi ölkənin təhlükəsizliyi və iqtisadiyyatı baxımından ciddi risklər yarada bilər.
2010–2019-cu illərdə İsraili ildə orta hesabla 60 min nəfər tərk etdiyi halda, 2023–2025-ci illərdə bu göstərici təxminən 90 min nəfərə yüksəlib. Eyni zamanda, ölkədən gedənlər arasında alimlərin, mühəndislərin, həkimlərin, doktorluq dərəcəsi olan mütəxəssislərin və yüksək gəlirli şəxslərin sayının artdığı qeyd edilir.
Bununla yanaşı, nəşr İsrail Mərkəzi Statistika Bürosunun məlumatlarına istinadən qeyd edir ki, ölkəni tərk edənlərin əhəmiyyətli hissəsini Ukraynadan İsrailə köçmüş şəxslər təşkil edir. Bu statistika son dövrlərdə mühacirətlə bağlı aparılan müzakirələrdə diqqət çəkən məqamlardan biri kimi göstərilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu tendensiya İsrail üçün xüsusilə həssasdır. Çünki ölkə iqtisadiyyatı əsasən yüksək texnologiyalar, tibb və elm kimi bilik tutumlu sahələrə söykənir və ixtisaslı kadrların ölkəni tərk etməsi uzunmüddətli perspektivdə iqtisadi inkişafı zəiflədə bilər.
Araşdırmada qeyd olunur ki, hazırkı emiqrasiya səviyyəsi özlüyündə böhran yaratmasa da, siyasi, iqtisadi və ya təhlükəsizlik sahəsində yeni mənfi hadisələr baş verərsə, ölkədən köç dalğası daha da sürətlənə və bunun qarşısını almaq xeyli çətinləşə bilər.