Müasir smartfonlar təxminən beş il, bəzi hallarda isə daha uzun müddət rahat istifadə oluna bilər. Buna görə də cihazı hər il yenisi ilə əvəz etmək artıq əksər istifadəçilər üçün zəruri hesab edilmir.
Moderator.az xəbər verir ki, bu barədə "Cursorinfo" məlumat yayıb.
Bildirilir ki, bu gün smartfonun uzunömürlülüyünü müəyyən edən əsas amil prosessorun gücü deyil, əməliyyat sistemi və təhlükəsizlik yeniləmələrinin nə qədər müddət təqdim edilməsidir. Hətta güclü texniki göstəricilərə malik telefon belə, istehsalçı proqram təminatı dəstəyini dayandırdıqdan sonra tədricən aktuallığını itirir.
Mütəxəssislərin sözlərinə görə, son illərdə smartfon bazarında texnoloji inkişaf tempi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Kameralar, displeylər və prosessorlar təkmilləşdirilsə də, yeni modellərlə əvvəlki nəsil cihazlar arasındakı fərqlər əksər istifadəçilər üçün gündəlik istifadədə həlledici rol oynamır.
Məqalədə qeyd olunur ki, son illərin ən diqqətçəkən yeniliyi süni intellekt funksiyalarının tətbiqi olub. İstehsalçılar sinxron tərcümə, generativ köməkçilər və avtomatlaşdırılmış foto redaktə alətlərini smartfonlara inteqrasiya ediblər. Bundan sonra isə bazar yenidən mərhələli inkişaf mərhələsinə keçib.
Eyni zamanda, proqram təminatı dəstəyinin uzadılması da smartfonların istifadə müddətini artıran əsas amillərdən biri sayılır. Bəzi flaqman Samsung və Google modelləri artıq yeddi ilə qədər yeniləmə alır. Apple da bir çox cihazına uzunmüddətli proqram dəstəyi təqdim etməyə davam edir.
Mütəxəssislər bildirirlər ki, əgər smartfon təhlükəsizlik yeniləmələrini almağa davam edir, gündəlik tapşırıqları problemsiz yerinə yetirir və ciddi nasazlığı yoxdursa, onu dəyişməyə tələsməyə ehtiyac yoxdur. Onların fikrincə, ən tez sıradan çıxan hissə adətən batareyadır. Təxminən üç ildən sonra batareyanın tutumu azalır, lakin onun dəyişdirilməsi yeni telefon almaqdan daha sərfəli hesab olunur və cihazın ömrünü bir neçə il uzada bilər.