Körfəz ölkələrinin Azərbaycana iqtisadi marağı son illərdə yeni mərhələyə keçir. Ərəb kapitalının diqqəti ənənəvi turizm və daşınmaz əmlak layihələrindən kənara çıxaraq enerji, logistika, sənaye, yaşıl enerji və kənd təsərrüfatı kimi strateji sahələrə yönəlir.
Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Mərkəzi Asiya, Türkiyə və Avropa bazarlarına çıxış imkanları, eləcə də enerji potensialı ölkəni Körfəz investorları üçün daha cəlbedici edir.
Bu proses fonunda Azərbaycan yalnız sərmayə qoyuluşu üçün bazar deyil, həm də Körfəz kapitalının daha geniş Avrasiya bazarlarına çıxışı baxımından mühüm iqtisadi platformaya çevrilir.
Bəs Körfəz kapitalı Azərbaycana niyə gəlir — sərmayə qoymağa, yoxsa Azərbaycan üzərindən Avropa və digər regional bazarlara çıxış imkanlarını genişləndirməyə?
Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib.
İqtisadçı qeyd edib ki, Azərbaycanla Körfəz ölkələri arasında son illər münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib:
"Bu ölkələr Azərbaycanı artıq yalnız investisiya yatırmaq üçün əlverişli məkan kimi deyil, eyni zamanda mühüm logistika mərkəzi kimi də nəzərdən keçirirlər. Çünki Azərbaycan üzərindən Orta Asiyaya, Avropaya və Rusiyaya çıxış imkanları mövcuddur.
Gələcəkdə Rusiya ilə bağlı sanksiyaların aradan qaldırılması ehtimalını da nəzərə alsaq, bu istiqamətdə əlavə çıxış imkanlarının yaranması mümkündür. Hazırkı sanksiyaların daimi xarakter daşımadığını nəzərə alaraq, Körfəz ölkələri gələcək perspektivdə Rusiya istiqamətində də bu imkanlardan yararlanmağı düşünürlər.
Bu baxımdan Azərbaycanın həm investisiya məkanı, həm də logistika mərkəzi kimi cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Nəticə etibarilə, ərəb kapitalı üçün axtarılan mövqelərdən və yerləşmə imkanlarından birinin Azərbaycanda formalaşdırılması nəzərdən keçirilir.
Xüsusilə Orta Asiya, yəni Mərkəzi Asiya respublikalarına Azərbaycan üzərindən çıxış imkanları kifayət qədər əlverişlidir".
Pərvin Şakirqızı