Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən humanitar dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında məlumat verib. Paylaşımda deyilir:
“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”.
Xatırladaq ki, Azərbaycan son illər Ukraynaya bir neçə dəfə humanitar yardım göstərib, müharibədən əziyyət çəkən mülki şəxslərin, dinc insanların yaşamına dəstək olmaq, onların rifahını yaxşıladırmaq üçün ardıcıl səylər nümayiş etdirib. Bu səyləri günümüzdə də davam etdirən Azərbaycan, bununla ümumbəşəri dəyərlərə, insan faktoruna, onun yaşam və təhlükəsizliyinə həyati önəm verdiyini göstərməkdədir. Praktiki müstəvidə öz əksini tapan bu fəaliyyət dövlətimizin öz milli maraqları ilə yanaşı, bəşəri maraqları da diqqət mərkəzində saxladığını, öz fəaliyyətində bütün insanlığın mənafeyini rəhbər tutduğunu göstərir.
Qürurvericidir ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi ruhuna uyğun şəkildə həyata keçirdiyi bu siyasət bütün dünyada təqdirlə qarşılanmaqda, doğma, müstəqil Azərbaycanımıza böyük hörmət və ehtiram qazandırmaqdadır. Zelenskinin Azərbaycanın dövlət başçısına ünvanladığı minnətdarlıq dövlətimizin ümumbəşəri dəyərlərə verdiyi önəmin qlobal inikası, beynəlxalq təntənəsidir. Bu isə Azərbaycan dövlətinin timsalında hər bir azərbaycanlının uğuru hesab edilə bilər.
Seymur ƏLİYEV