Ağız gigiyenasına laqeyd yanaşmaq təkcə dişlərin sağlamlığına deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər. Alimlər bildirirlər ki, ağız boşluğunun zəif gigiyenası bəzi xərçəng növlərinin, xüsusilə qaraciyər xərçənginin inkişaf riski ilə əlaqəli ola bilər.
Moderator.az "Cursorinfo" - ya istinadla xəbər verir ki, araşdırmalara əsasən, diş əti qanaması, ağız yaraları və ya dişlərin boşalması kimi problemləri olan şəxslərdə ilkin qaraciyər xərçənginin ən geniş yayılmış növü olan hepatosellüar karsinomanın inkişaf ehtimalı daha yüksəkdir.
Tədqiqatçılar ağız sağlamlığı ilə qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və mədəaltı vəzi xərçəngi arasında mümkün əlaqəni araşdırıblar. Mütəxəssislərin fikrincə, ağız boşluğundakı zərərli bakteriyalar iltihabi prosesləri gücləndirərək orqanizmə mənfi təsir göstərə bilər.
Həkimlər vurğulayırlar ki, riski azaltmaq üçün dişləri gündə iki dəfə florlu diş məcunu ilə fırçalamaq, mütəmadi olaraq stomatoloq müayinəsindən keçmək, sağlam qidalanmaq, siqaret və həddindən artıq alkoqoldan uzaq durmaq vacibdir.