Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi baxımından mühüm nəticələr əldə olundu. ABŞ-da keçirilən görüşlər və imzalanan sənədlər Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra sülh prosesinin yeni mərhələyə keçməsi baxımından diqqət çəkdi.
Ötən bir il ərzində əldə olunan razılaşmaların yalnız siyasi sənədlər çərçivəsində qalmaması, onların praktiki nəticələrinin Azərbaycan-Ermənistan münasibətlərində də özünü göstərməsi xüsusi əhəmiyyət daşıyır.
Sərhədyanı ərazilərdə sabitliyin qorunması, tərəflər arasında müxtəlif istiqamətlər üzrə təmasların bərpası və əməkdaşlıq imkanlarının genişlənməsi regionda yeni münasibətlər modelinin formalaşması baxımından mühüm göstəricilərdir.
Bu proses Cənubi Qafqazda sülhün yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını göstərir. Vaşinqtonda əldə olunan razılaşmaların bir il sonra yaratdığı mənzərə isə sülh gündəliyinin hansı istiqamətdə inkişaf etdiyini qiymətləndirmək baxımından xüsusi maraq doğurur.
Bəs ötən bir il ərzində regionda hansı dəyişikliklər baş verib və əldə olunan nəticələr Cənubi Qafqazın gələcəyi üçün nə vəd edir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə açıqlama verib.
Deputat qeyd edib ki, artıq bir ildir ki, Vaşinqtonda, Ağ Evdə imzalanan sənədlərin nəticələri müşahidə olunur:
“Ermənistan-Azərbaycan sərhədyanı zonalarında sülh vəziyyəti ardıcıl olaraq müşahidə olunur və atəşkəsin pozulması halları, demək olar ki, minimuma endirilib, itkilər də yoxdur.
Digər tərəfdən, iki ölkə arasında ticarət əlaqələri müəyyən mənada, kiçik miqyasda da olsa, bərpa olunub. Eyni zamanda ekspertlərin qarşılıqlı səfərləri də bərpa edilib, müəyyən konfranslar və görüşlər təşkil olunur.
Bütün bunlar Ağ Evdə imzalanan sənədlərin, necə ki, cənab Prezidentimiz demişdi, real praktik nəticəsidir. Bu sənədlər üzərində qalmadı, razılaşmalar real həyata çevrildi və beləliklə, regionda, bizim tariximizdə yeni bir səhifə açılır. Cənubi Qafqazda, nəhayət ki, sülhü, barışığı, əməkdaşlığı və regional inteqrasiyanı müşahidə edirik”.
Pərvin Şakirqızı