“Parlament seçkiləri ərəfəsində Vladimir Putinin dəstək səviyyəsi də azalmaqda davam edir və bu, Kreml rəhbərliyində ciddi narahatlıq doğurur...”
 




Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımla Rusiya ərazisini birləşdirən əsas hərbi-logistika marşrutlarının bir hissəsini atəş nəzarətinə götürdüyünü açıqlayıb. 
 
Moderator.az xarici KİV-ə istinadla xəbər verir. 
 
Ukrayna tərəfinin bildirdiyinə görə, bu marşrutlara endirilən müntəzəm zərbələr Rusiyanın cənub istiqamətindəki hərbi hissələrinin təminatını əhəmiyyətli dərəcədə çətinləşdirir.
 
Məsələ ilə bağlı Müharibənin Öyrənilməsi İnstitutu (“ISW”) də öz hesabatında qeyd edir ki, Ukrayna son həftələrdə cənub istiqamətində Rusiya ordusunun hərbi logistikasına sistemli şəkildə zərbələr endirərək təzyiqi artırır.
 
Krım və Xersondakı hərbi obyektlər hədəfə alınıb...
 
Məlumata görə, son günlər Ukrayna qüvvələri Rusiya ordusunun pilotsuz uçuş aparatlarının idarə edilməsində istifadə olunan infrastruktur obyektlərinə silsilə zərbələr endirib. Bundan əlavə, işğal altındakı Krım və Xerson vilayətində yerləşən Rusiya patrul katerlərinin də hücuma məruz qaldığı bildirilir.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 6-da yaydığı məlumatda hücumlar nəticəsində iki yerüstü retranslyasiya antenasının sıradan çıxarıldığını açıqlayıb. Bildirilir ki, həmin antenalar Rusiyanın "Geran" və "Gerbera" tipli zərbə dronlarının idarə olunmasında istifadə edilirdi.
 
Antenalardan biri Xerson vilayətinin işğal altındakı Jeleznıy Port qəsəbəsində, cəbhə xəttindən təxminən 47 kilometr aralıda yerləşirdi. Digər obyekt isə Krımın işğal altında olan Yelenovka yaşayış məntəqəsində, döyüş bölgəsindən təxminən 130 kilometr məsafədə olub...
 
Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kerç limanında yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX-“FSB”) Sərhəd Xidmətinə məxsus "Balaklava" və "Kerç" adlı iki "Svetlyak" layihəli patrul katerinə zərbə endirildiyini də açıqlayıb. Gəmilərin hücum zamanı cəbhə xəttindən təxminən 240 kilometr məsafədə yerləşdiyi qeyd olunur.
 
Enerji infrastrukturunda problemlər yarandığı iddia edilir…
 
Ukrayna tərəfi bildirir ki, endirilən zərbələr Krımın enerji sisteminin fəaliyyətinə də təsir göstərməyə başlayıb. İşğal altındakı yarımadada fəaliyyət göstərən "Krımskiy veter" telegram- kanalı avqustun 6-da Feodosiyanın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilələrin davam etdiyini yazıb.
 
Mənbənin iddiasına görə, problemlər iyulun 28-də Ukrayna pilotsuz uçuş aparatlarının həyata keçirdiyi hücumlardan sonra yaranıb.
 
Əsas magistrallar atəş nəzarətindədir…
 
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin bölmələrindən biri avqustun 6-da bildirib ki, “M-14” və “M-18” avtomobil magistrallarının müəyyən hissələri artıq Ukrayna ordusunun atəş nəzarəti altındadır.
 
Həmin yollar işğal altındakı Donetsk vilayətinin Mariupol şəhərini Xerson vilayətindəki Çonqar istiqaməti ilə birləşdirən əsas logistika dəhlizlərindən hesab olunur. Ukrayna tərəfi bu marşrutlara müntəzəm zərbələrin endirildiyini və məqsədin Rusiya ordusunun cənub cəbhəsindəki təminat imkanlarını zəiflətmək olduğunu bildirir.
 
Krımda narahatlıq artır...
 
Xarici medianın yazdığına görə, son günlər işğal altındakı Krımda Ukraynanın mümkün dəniz desantı əməliyyatı həyata keçirəcəyi barədə müxtəlif iddialar yayılır. Bu məlumatların fonunda bəzi Rusiya təhlükəsizlik strukturları əməkdaşlarının və Moskva tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələrinin ailələrini yarımadadan çıxarmağa başladıqları iddia olunur.
 
Bununla belə, hazırda Rusiya Silahlı Qüvvələrinin Krımdan kütləvi şəkildə geri çəkilməsini təsdiqləyən məlumat yoxdur. Eyni zamanda, elektrik enerjisi, yanacaq və bəzi ərzaq məhsullarının təminatında yaranan problemlərin yerli əhali arasında narahatlığı artırdığı bildirilir.
 
Ekspert: "Krıma endirilən zərbələr Kremlə təzyiqi artırır"...
 
Ukraynalı hərbi ekspert Vladislav Seleznyov hesab edir ki, Krımdakı hərbi obyektlərə endirilən sistemli və dəqiq zərbələr Rusiyanın cənubdakı hərbi-logistika imkanlarını zəiflədir və bununla yanaşı, Kreml üzərində siyasi təzyiqi də artırır.
 
Onun fikrincə, bu proses uzunmüddətli perspektivdə Rusiya rəhbərliyini münaqişənin siyasi həlli ilə bağlı alternativ variantları nəzərdən keçirməyə sövq edə bilər.
 
Qeyd edək ki, müharibə şəraitində tərəflərin yaydığı məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə tam təsdiqləmək hər zaman mümkün olmur və qarşı tərəf bu iddialarla bağlı fərqli mövqe sərgiləyə bilər.
 
Bundan əvvəl xarici mediada yayılan məlumatlara görə, parlament seçkiləri ərəfəsində Vladimir Putinin dəstək səviyyəsi azalmaqda davam edir və bu, Kreml rəhbərliyində ciddi narahatlıq doğurur...
 
Sultan Laçın