Çində taksi sürücüsünün rusiyalı turistlərdən razılaşdırılmış məbləğdən daha çox pul tələb etdiyi iddia olunur.
Moderator.az xəbər verir ki, bu barədə "Shot Proverka" teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Pekində istirahətdə olan turistlər əvvəlcə taksi xidmətinin qiymətinin qəfil artırılması ilə üzləşiblər. Onların sözlərinə görə, adətən 30 yuan olan marşrut üçün sonradan 100 yuan ödəniş tələb edilib.
Turistlər daha sonra hava limanına getmək üçün tətbiq vasitəsilə taksi tapa bilmədiklərini, oteldə özünü taksi sürücüsü kimi təqdim edən şəxslə 300 yuan qarşılığında razılaşdıqlarını bildiriblər.
İddialara əsasən, sürücü yolun yarısında avtomobili saxlayaraq, əlavə 100 yuan ödənilməyəcəyi təqdirdə hərəkəti davam etdirməyəcəyini deyib. Uçuşa gecikmək istəməyən turistlər onun tələbini qəbul edərək ümumilikdə 400 yuan ödəyiblər.
Hadisə ilə bağlı Çin rəsmilərinin mövqeyi və ya rəsmi təsdiq hələlik açıqlanmayıb.