Pişiklərin, yoxsa itlərin daha ağıllı olması ilə bağlı uzun illərdir davam edən mübahisəyə alimlər yeni araşdırma ilə aydınlıq gətirməyə çalışıblar.
Moderator.az xəbər verir ki, bu barədə "BBC Science Focus" məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, zəkanı yalnız beyin ölçüsü və ya neyronların sayı ilə qiymətləndirmək düzgün deyil. Araşdırmalar göstərib ki, itlər insanlarla ünsiyyətdə, jestləri anlamaqda və kömək istəməkdə daha uğurlu nəticə göstərirlər.
Pişiklər isə insan işarələrini başa düşsələr də, problemləri daha çox müstəqil şəkildə həll etməyə üstünlük verirlər. Tədqiqat zamanı həm pişiklərin, həm də itlərin daha çox qida olan seçimi ayırd edə bildiyi və öz qoxularını tanıdığı müəyyən edilib.
Alimlər vurğulayırlar ki, heyvanların intellekti genetik xüsusiyyətlərdən, yaşayış şəraitindən, təlimdən və topladıqları təcrübədən də asılıdır.
Araşdırmanın yekun nəticəsinə görə, bu mübahisədə qəti qalib yoxdur. İtlər insanlarla qarşılıqlı əlaqə tələb edən tapşırıqlarda üstünlük göstərdiyi halda, pişiklər müstəqil qərar vermək və problem həll etmək bacarığı ilə seçilir.