ABŞ Senatı Rusiyanın enerji gəlirlərini hədəf alan genişmiqyaslı sanksiyalar paketini 86 lehinə, 11 əleyhinə səslə qəbul edib.
Moderator.az "Euronews" -a istinadla xəbər verir ki, qanun layihəsi Rusiya rəsmilərinə, oliqarxlarına, maliyyə institutlarına və Moskvanın neft ixracına tətbiq olunan məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na qarşı sanksiyaları nəzərdə tutur.
Sənəd, həmçinin ABŞ prezidenti Donald Trampa Rusiya mənşəli məhsullara, o cümlədən neft və qaza 500 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Bundan əlavə, Rusiya nefti və qazını almağa davam edən ölkələrdən idxal olunan mallara 100 faizə qədər tarif tətbiq edilməsi imkanı da nəzərdə tutulur.
Qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasında müzakirə olunacaq. Konqresin yay tətili səbəbindən sənədin səsverməyə sentyabr ayından tez çıxarılması gözlənilmir.
Sənəd qüvvəyə minərsə, Rusiya prezidenti Vladimir Putin və digər yüksəkvəzifəli şəxslər də sanksiyaların hədəfinə düşə bilər. Layihədə eyni zamanda prezidentə milli maraqlar naminə bəzi sanksiyaların tətbiqindən müvəqqəti imtina etmək səlahiyyəti də verilir.