"İslam dünyası İsrailin ortaq təhdidinə qarşı birləşməlidir..."- Bu ölkənn müdafiə naziri belə dedi...
08 Aug 2026, 07:27 29 baxış 3 dəq oxuma
“Əgər müsəlman ölkələri bu gün real təhlükələr qarşısında bir araya gəlib güclərini birləşdirməsələr, gələcəkdə hər bir dövlət fərdi şəkildə eyni ağır aqibətlə və təhlükə ilə üzləşə bilər...”
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İslam ölkələrini regionda artan təhlükəsizlik böhranlarına və xüsusilə İsrailin təcavüzkar siyasətinə qarşı vahid cəbhədə birləşməyə çağırıb.
Moderator.az bu haqda müxtəlif xarici mənbələrə istinadla xəbər verir.
Nazir İslamabadın Səudiyyə Ərəbistanı və Türkiyə ilə imzaladığı yeni birgə müdafiə müqaviləsini İslam dünyasında birliyi gücləndirmək, hərbi koordinasiyanı artırmaq və ortaq təhlükəsizlik problemlərini həll etmək üçün tarixi bir fürsət kimi xarakterizə edib.
Mövcud geosiyasi vəziyyəti şərh edən Xavaca Asif rəsmi Təl-Əvivin regiondakı fəaliyyətinin bütün müsəlman dövlətləri üçün birbaşa risk yaratdığını vurğulayıb:
"İsrail rejimi hamımız üçün ortaq təhdiddir. Əgər müsəlman ölkələri bu gün real təhlükələr qarşısında bir araya gəlib güclərini birləşdirməsələr, gələcəkdə hər bir dövlət fərdi şəkildə eyni ağır aqibətlə və təhlükə ilə üzləşə bilər. Bu təhdidlə effektiv mübarizə aparmaq üçün birliyi maksimum dərəcədə gücləndirməli və tam əlaqələndirilmiş, strateji bir yanaşma tətbiq etməliyik...”
Beynəlxalq hərbi analitiklər və Yaxın Şərq üzrə ekspertlər Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında formalaşan bu yeni hərbi-strateji oxun regiondakı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə biləcəyini qeyd edirlər. Xarici mediada yer alan təhlillərə görə, İslam dünyasının aparıcı nüvə dövləti olan Pakistanın, güclü ordu və müdafiə sənayesinə malik Türkiyənin, eləcə də regionun ən böyük iqtisadi-siyasi güclərindən olan Səudiyyə Ərəbistanının ortaq müdafiə platformasında bir araya gəlməsi regionda potensial təcavüzlərin qarşısını alacaq ən ciddi çəkindirici amilə çevrilə bilər.