İsrailin Sdot-Negev regional şurasının ərazisində, Şuva moşavı yaxınlığında bir uçurtma aşkar edilib. İlkin məlumatlara görə, uşaqların uçurtduğu çərpələng şəklində olan qurğu Qəzza zolağı istiqamətindən gəlib, lakin aparılan yoxlama zamanı onun üzərində heç bir partlayıcı maddənin olmadığı müəyyən edilib.
 




Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, İsrail Müdafiə Ordusunun nümayəndələri hadisə ilə bağlı məlumatı təsdiqləyərək bildiriblər ki, hazırda insidentin bütün detalları araşdırılır.
 
"14-cü kanal"ın məlumatına görə, Sdot-Negev regional şurasının rəhbəri Tamir İdan baş verənlərə sərt münasibət bildirib və belə bir uçan qurğunun İsrail ərazisinə daxil olmasını özü-özlüyündə ciddi hadisə adlandırıb.
 
Onun sözlərinə görə, üzərində təhlükəli materialların olmaması belə, bu cür hərəkətin “qırmızı xəttin keçilməsi” faktını dəyişmir.
 
İdan bildirib ki, bu kimi insidentlərin mütəmadi xarakter alması və gələcəkdə daha ciddi təhlükə yaratması ehtimalı onu narahat edir. Onun fikrincə, bu təhdidlərə partlayıcı qurğulardan istifadə və ya dronların tətbiqi də daxil ola bilər.
 
Regional şura rəhbəri ölkə rəhbərliyini baş verən hadisəyə aydın və qəti cavab verməyə çağırıb. O, həmçinin vurğulayıb ki, əvvəllər mövcud olmuş və bu cür pozuntuların lazımi diqqət olmadan qalmasına imkan verən çəkindirmə siyasətinə qayıtmaq yolverilməzdir.
 
S.Laçın