Ceyhun Bayramovun Ukrayna səfərində AXC ilə bağlı arxiv sənədləri ilə tanış olması hansı mətləblərdən xəbər verir?
Məlum olduğu kimi, Azəbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna səfəri zamanı bu ölkənin Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv sənədləri ilə tanış olub. Bu sənədlər arasında AXC dönəminə aid yazışmalar, eləcə də, o dövrün hərbi-siyasi vəziyyəti ilə bağlı hesabatlar yer alıb.
Hər şeydən öncə qeyd edək ki, Ceyhun Bayramovun Ukrayna səfərində AXC ilə bağlı arxiv sənədləri ilə tanış olması sıradan bir hadisə deyil. Bu, Azərbaycan XİN-nin, Azərbaycan diplomatiyasının dövlətçilik tariximizə, Cümhuriyyət dönəminə olan sevgi və ehtiramının göstəricisidir. Bu fakt sübut edir ki, Azərbaycanda dövlətçilik ənənələri, tariximizlə ruhi-mənəvi bağlılıq yüksək səviyyədədədir və uğurla inkişaf edir.
Azərbaycan XİN rəhbərinin AXC-ə aid arxiv sənədləri ilə tanış olması diplomatiyamızın Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına, siyasi irsinə həssaslıqla yanaşdığını göstərir.
Heç kimə sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev hər zaman AXC-ə, onun iki illik müstəqillik tarixinə mühüm önəm verib, bunu Azərbaycan xalqının azadlıq və istiqlalına olan sonsuz sevgisi, milli ləyaqətinə münasibətdə sərgilədiyi yüksək həssasiyyət kimi xarakterizə edib. Xatırladaq ki, Ulu öndər Heydər Əliyev 27 may 2003-cü il tarixində AXC-nin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib:
“Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.
Göründüyü kimi, Heydər Əliyev AXC-ni xalqımızın yüksək siyasi şüur səviyyəsinin, milli oyanış və istedadının inkaredilməz nümunəsi kimi qiymətləndirib, öz çıxışlarında, müsahibə və açıqlamalarında AXC ilə bağlı bir-birindən qiymətli fikirlər səsləndirib.
Prezident İlham Əliyev də AXC-nin xalqımızın dövlətçilik tarixindəki rolunu yüksək dəyərləndirib, o dövrün siyasi rəhbərliyinin yol verdiyi nöqsanları tənqid etməklə yanaşı, gördüyü müsbət işlərin əhəmiyyətini də qeyd edib. Prezident İlham Əliyev deyib:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasını AXC-nin varisi elan edib. Prezident İlham Əliyevin bu yanaşması dövlətçilik baxımından varislik ənənəsinin uğurla davam etdiyini göstərir:
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Bütün bunların fonunda Ukraynada rəsmi səfərdə olan Azərbaycanın XİN rəhbərinin AXC ilə bağlı arxiv sənədləri ilə tanış olması, Cümhuriyyət dönəmi ilə bağlı materialları diqqətdə saxlaması, Ceyhun Bayramovun Ulu Öndər Heydər Əliyev və Preizdent İlham Əliyevin siyasi-mənəvi kursuna, o cümlədən, dövlətçilik tariximizə sadiqliyini əks etdirir. Bu fakt onu deməyə əsas verir ki, müasir Azərbaycan diplomatiyası yüksək dövlətçilik şuruna, milli-mənəvi və tarixi dəyərlərə hədsiz bağlılığa malikdir. Hansı ki, qloballaşan dünyamızda milli tarix və köklərə bu bağlılıq ən böyük mənəvi sərvət, özünüməxsusluğumuzu qorumağın ən etibarlı qarantı sayıla bilər.
Seymur ƏLİYEV