Keyfiyyətli yuxu fiziki və zehni sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, sağlamlıq üçün yalnız yuxunun müddəti deyil, yatmaq və oyanmaq vaxtının sabit olması da vacibdir.
Moderator.az xəbər verir ki, bu barədə “Medical News Today” məlumat yayıb.
Əksər böyüklər üçün gecə 7-9 saat yuxu tövsiyə olunur. Davamlı olaraq bundan az yatmaq ürək-damar xəstəlikləri, piylənmə, depressiya və immun sisteminin zəifləməsi ilə əlaqələndirilir.
Saat neçədə yatmaq daha yaxşıdır?
Mütəxəssislərə görə, orqanizmin bioloji ritminə uyğun olaraq 22:00-23:30 aralığında yatmaq daha əlverişli hesab olunur. Qaranlıq düşdükcə yuxuya kömək edən melatonin hormonunun ifrazı artır.
Səhər isə mümkün qədər gün işığı ilə oyanmaq və hər gün, o cümlədən həftəsonları təxminən eyni saatda yuxudan qalxmaq məsləhətdir. Bu, orqanizmin bioloji saatının sabitləşməsinə kömək edir.
Yaşa görə yuxu norması
6-12 yaş: 9-12 saat
13-18 yaş: 8-10 saat
18-64 yaş: 7-9 saat
65 yaşdan yuxarı: 7-8 saat
Mütəxəssislər yatmazdan ən azı bir saat əvvəl smartfon və digər elektron cihazlardan uzaq durmağı, sakit axşam rejimi yaratmağı və yataq otağında rahat şərait təmin etməyi tövsiyə edirlər.
Əgər insan kifayət qədər yatmasına baxmayaraq davamlı yorğun oyanır, gecələr tez-tez yuxudan ayılır və ya yuxuya getməkdə çətinlik çəkirsə, həkimə müraciət etmək məsləhətdir. Bu hallar bəzi yuxu pozuntularının əlaməti ola bilər.