Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Rusiya ilə münasibətlərində yaranan ziddiyyətlər Moskva–İrəvan xəttində iqtisadi və siyasi təzyiq imkanlarının yenidən müzakirə olunmasına səbəb olub. 


Ermənistan mediasında yayılan məlumatlarda Rusiyanın İrəvanın xarici siyasət istiqamətinə dair mövqeyini dəqiqləşdirməsini gözlədiyi və əks halda müxtəlif məhdudlaşdırıcı addımların gündəmə gələ biləcəyi iddia edilir. 






Söhbət mümkün iqtisadi məhdudiyyətlərlə yanaşı, Rusiyada çalışan Ermənistan vətəndaşlarının vəziyyəti, hava əlaqələri və enerji təminatı kimi həssas sahələrdən gedir.


Maraqlıdır, Ermənistanın Aİ ilə inteqrasiya istiqamətində atdığı addımlar fonunda Rusiya ilə münasibətlərdə iqtisadi, enerji, nəqliyyat və əmək miqrasiyası kimi sahələrin siyasi təsir vasitəsinə çevrilməsi nə dərəcədə real görünür?


Moskva İrəvanın xarici siyasət seçimlərinə təsir göstərmək üçün bu istiqamətlərdən istifadə edə bilərmi və belə bir təzyiq ssenarisinin Ermənistanın daxili iqtisadi-sosial vəziyyətinə və Rusiya–Ermənistan münasibətlərinin gələcək perspektivinə mümkün təsirləri nələr ola bilər?


Mövzu ilə bağlı Moderator.az-a "Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib. 



Politoloq qeyd edib ki, Rusiya hakimiyyəti Baş nazir Nikol Paşinyanın siyasətindən və onun Qərblə yaxınlaşma xəttindən narazı olduğu üçün Ermənistan hakimiyyətinə təzyiqi getdikcə artırmağa çalışır:


"Bu təzyiqin bir neçə istiqaməti var. Birincisi, bu, Ermənistandakı radikal müxalifətə dəstək formasında özünü göstərir. İkinci və daha təsirli istiqamət isə Ermənistan iqtisadiyyatına zərər vurmağa yönələn addımlardır. 


Burada söhbət Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılmasından, müxtəlif qadağa və məhdudiyyətlər vasitəsilə həmin məhsulların Rusiyada satış imkanlarının daraldılmasından gedir.


Əlbəttə, bu, Ermənistan üçün müəyyən iqtisadi çətinliklər yaradır. Ermənistan alternativ bazarlar axtarır və Avropa İttifaqı da erməni məhsullarının Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində dəstək göstərir.


Bununla belə, bu istiqamətdə yeni imkanların qısa müddətdə tam şəkildə reallaşdırılması asan deyil. Amma bütün hallarda baş verən proseslərin gedişatı göstərir ki, Rusiyanın təzyiqləri Paşinyan hökumətinin zəifləməsinə gətirib çıxarmır".


Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyan hökuməti Vaşinqton və Brüssel tərəfindən siyasi və iqtisadi baxımdan dəstəklənir:


"Eyni zamanda, Paşinyan çalışır ki, Ermənistan iqtisadiyyatının alternativ istiqamətlərini inkişaf etdirsin və kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılmasının ölkə iqtisadiyyatına ciddi zərər vurmasının qarşısını alsın.


Yəni Rusiyanın gözləntilərindən biri ondan ibarət idi ki, erməni cəmiyyəti Paşinyanı hakimiyyətə gətirməyəcək və ona səs verməyəcək. Lakin seçkilərin nəticələri göstərdi ki, erməni cəmiyyətinin böyük hissəsi yenidən Paşinyana dəstək verdi və onun siyasi xəttini davam etdirməsinə imkan yaratdı".


Pərvin Şakirqızı