Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesin perspektivləri və tərəflərin mövqeləri yenidən diqqət mərkəzinə gəlib. Moskva müharibənin dayandırılması üçün əvvəlcə böhranın səbəbləri hesab etdiyi məsələlərin həll edilməsinin vacibliyini bildirir. Paralel olaraq, ABŞ tərəfindən Ukraynaya hərbi dəstəyin davam etdirilməsi, Rusiyaya qarşı yeni sanksiyaların gündəmə gəlməsi və Avropa təhlükəsizliyi ilə bağlı narahatlıqlar münaqişənin yalnız döyüş meydanında deyil, daha geniş siyasi və təhlükəsizlik müstəvisində də davam etdiyini göstərir.
Maraqlıdır, hazırkı mərhələdə ABŞ-ın Ukraynaya dəstəyini artırması və Rusiyaya qarşı təzyiqləri sərtləşdirməsi Moskvanın danışıqlar mövqeyinə real təsir göstərə bilərmi? Rusiya ilə Qərb arasında artan qarşıdurma fonunda diplomatik həll imkanları zəifləyir, yoxsa məhz artan təzyiq tərəfləri daha ciddi danışıqlara sövq edə bilər?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Elçin Xalidbəyli açıqlama verib.
Siyasi şərhçi bildirib ki, hazırda ABŞ və Qərbin Rusiyaya qarşı ciddi təzyiq mexanizmlərindən istifadə etdiyi müşahidə olunmur:
"Yəni, əsasən iqtisadi sanksiyaların tətbiqi ilə kifayətlənirlər. ABŞ-ın da Rusiyaya qarşı mövqeyini sərtləşdirməsi hələlik real addımlarla özünü göstərmir. Əslində, mövcud təzyiq mexanizmləri də hələlik ciddi nəticə vermir. Rusiya əvvəlki kimi Ukraynaya qarşı işğalçı siyasətini davam etdirir.
Bəzi ehtimallara görə, hazırkı təzyiq və sərt mövqe Rusiyaya münasibətdə gözlənilən nəticəni vermir. Ona görə də hesab edilir ki, Rusiyaya təsir göstərə biləcək əsas amil Ukraynaya yönəlik hərbi dəstəyin gücləndirilməsi ola bilər. Halbuki son vaxtlar Ukraynanın silah-sursat və hərbi texnika ilə təchizatı prosesində müəyyən problemlər yaranmağa başlayıb.
Rəsmi Kiyev də Ukrayna ordusunun silah-sursatla təchizatında çatışmazlıqların olduğunu etiraf edir. Hazırda əsas problem məhz bu istiqamətdə görünür. Çünki artıq sübut olunmuş bir reallıqdır ki, Ukrayna ordusu silah-sursat və hərbi texnika ilə normal şəkildə təchiz olunarsa, Rusiyanın dərinliklərinə endirilən zərbələrin intensivliyini qorumaq mümkün ola bilər. Məhz Rusiyaya təsir göstərən əsas faktor da budur.
Çünki Rusiyanın enerji və logistika infrastrukturuna endirilən sarsıdıcı zərbələr Kremlin fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır, Rusiya cəmiyyətində narazılığı artırır və Kremlin Rusiya ordusunu maliyyələşdirməsində ciddi problemlər yaradır.
Nəticədə, Rusiya daxili sosial-iqtisadi və siyasi böhran təhlükəsi ilə üz-üzə qala bilər.
Yəni, əgər Rusiyanı sülh danışıqlarına məcbur etmək niyyəti varsa, ABŞ və Qərb məhz Ukrayna ordusuna hərbi yardımların artırılması barədə düşünməlidir. Yalnız bu metod Rusiyaya təsir göstərə biləcək əsas amildir. Əks halda, hazırkı situasiyanın hələ uzun müddət davam etməsi, Kremlin öz neoimperialist tələb və şərtlərində israr etməsi, savaşın isə daha uzun müddət davam etməsi qaçılmaz ola bilər".
Pərvin Şakirqızı