UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyularından sonra futbolçularla bağlı statistik göstəricilər yenilənib.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Sabah”ın oyunçuları da yer alıblar.
Bakı klubunun almaniyalı hücumçusu Coy-Lens Mikels ən çox qol epizodu yaradan oyunçuların reytinqinə başçılıq edir. Polşalı müdafiəçi Timoteuş Puxaç hücumların qurulmasında ən çox iştirak edən futbolçular arasında ikinci sıradadır.
“Bayquşlar”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa isə ən intizamlı ikinci futbolçudur.
Qeyd edək ki, “Sabah” III təsnifat mərhələsində iki oyunun nəticəsinə (5:2) əsasən Danimarkanın “Orxus” klubunu mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə vəsiqə qazanıb. Bakı klubu növbəti raundda İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.