İnsanların həyatının son mərhələsində gördüyü yuxuların xarakteri alimlərin diqqətini çəkib. Araşdırmaya görə, ölümə yaxın xəstələr tez-tez mərhum yaxınlarını görür, parlaq işıqlar, qapılar, yollar və digər simvolik görüntülər yaşayırlar.


Moderator.az “The New York Post”a istinadla xəbər verir ki, “Death Studies” jurnalında dərc olunan araşdırmada palliativ yardım sahəsində çalışan 239 mütəxəssisin müşahidələri təhlil edilib.






Məlum olub ki, ən çox rast gəlinən yuxulardan biri dünyasını dəyişmiş qohumlarla görüşməkdir. Xəstələr bu görüntüləri əksər hallarda rahatladıcı və emosional baxımdan əhəmiyyətli hesab ediblər.


Bəzi insanlarda isə parlaq işıqlar, qapılar, pilləkənlər və yollar kimi keçidi xatırladan görüntülər müşahidə olunub. Alimlər hesab edirlər ki, belə yuxular insanın ölüm qorxusu və emosional gərginliyi ilə bağlı ola bilər.


Lakin bütün görüntülər xoş olmayıb. Bəzi xəstələr güclü qorxu, təhlükə hissi və narahatedici kabuslar yaşayıblar. Tədqiqatçılar belə yuxuların ölüm qorxusunu, həll olunmamış emosional problemləri və insanın dəstəyə ehtiyacını əks etdirə biləcəyini düşünürlər.


Alimlər vurğulayırlar ki, bu təcrübələr fövqəltəbii hadisələrin sübutu deyil. Əksinə, onlar həyatın son mərhələsində insan psixikasında baş verən mürəkkəb prosesləri göstərir.


Tədqiqatçılar həmçinin bildirirlər ki, xəstələrin danışdığı bu cür yuxulara ciddi və anlayışla yanaşmaq vacibdir. Çünki qeyri-adi görüntülər insanın qorxularını, xatirələrini və hisslərini ifadə etməsinin bir yolu ola bilər.