Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi, eləcə də muxtar respublikanın müdafiə potensialının daha da gücləndiriləcəyinə dair verdiyi mesajlar Naxçıvanın hərbi-strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.
Ölkə rəhbəri Naxçıvanın müdafiə potensialının daha da gücləndiriləcəyini xüsusi vurğuladı. Maraqlıdır, bu mesaj Naxçıvanın təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycanın regionda formalaşan yeni geosiyasi şəraitə yanaşması baxımından hansı məzmunu ifadə edir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlama verib.
Millət vəkili vurğulayıb ki, Naxçıvan bölgənin həyatında olduqca mühüm, strateji əhəmiyyətə malik bir məkandır və Naxçıvanı daha parlaq, daha xoşbəxt gələcək gözləyir:
"Cənab Prezidentin Naxçıvana 17-ci səfəri, bu səfər çərçivəsində keçirilən təqdimatlar, Naxçıvan Sənaye Parkının açılışı, eləcə də cənab Prezidentin yerli televiziyaya müsahibəsində səsləndirdiyi fikirlər bizi bu qənaətə gəlməyə sövq edir. Şübhəsiz ki, Naxçıvan Azərbaycanın ən qədim tarixə, mədəniyyətə və dövlətçilik ənənələrinə malik mərkəzlərindən biri kimi hər zaman diqqət mərkəzində olmuşdur.
Təəssüflər olsun ki, 1920-ci ildə Sovet Rusiyası tərəfindən Qərbi Zəngəzurun Ermənistana bağışlanması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqəsini kəsmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızın ermənilər tərəfindən işğalı nəticəsində isə Naxçıvan tamamilə iqtisadi və coğrafi blokada şəraitinə düşmüş, muxtar respublika ilə əlaqələr əsasən hava yolu, müəyyən qədər isə İran və Türkiyə üzərindən təmin olunmuşdur.
Amma buna baxmayaraq, istər Ulu Öndər Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən Naxçıvanın inkişafına kifayət qədər diqqət göstərilmişdir. Cənab Prezidentin Naxçıvana son səfəri isə muxtar respublikanın həyatında yaxın vaxtlarda mühüm dəyişikliklərin olacağını göstərən əlamətdar bir səfərdir".
Musa Quliyev vurğulayıb ki, Cənab Prezident Naxçıvanda bir sıra mühüm bəyanatlar verdi və vacib məqamlara aydınlıq gətirdi:
"İlk növbədə, Naxçıvanın blokadasının tam aradan qaldırılması istiqamətində görülən tədbirlərə toxunaraq bildirdi ki, Naxçıvanın logistik əlaqələrinin qurulması Azərbaycan üçün ən strateji və prioritet məsələlərdən biridir. Məhz 44 günlük müharibənin sonunda Ermənistan və Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli bəyanata Azərbaycanın təkidi ilə Naxçıvanla quru əlaqəsinin qısa müddətdə bərpası məsələsi də daxil edilmişdi.
Təəssüflər olsun ki, ötən beş il ərzində Rusiyanın laqeydliyi, İranın müəyyən maneçilik cəhdləri, həmçinin Ermənistan hakimiyyətinin və Ermənistan cəmiyyətinin bu məsələlərin həyata keçirilməsində maraqlı olmaması üçtərəfli bəyanatda əksini tapan müddəaların icrasına mane olmuşdur.
Amma ötən ilin 8 avqustunda Vaşinqtonda imzalanan sənədlər və Donald Trampın iştirakı ilə qəbul edilən üçtərəfli bəyanat Naxçıvanda artıq "Tramp yolu" adlandırılan Zəngəzur dəhlizinin açılması və muxtar respublikanın blokadadan çıxması üçün olduqca mühüm şərait yaratmışdır. Artıq Azərbaycan tərəfi öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Həm Zəngilan, həm də Naxçıvan istiqamətindən dəmir və avtomobil yollarının çəkilişi demək olar ki, başa çatmaq üzrədir.
Yalnız Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsində tikintiyə hələ də başlanılmaması prosesi müəyyən qədər ləngitmişdir. Lakin hesab edirəm ki, bu məsələ də yaxın müddətdə öz həllini tapacaq və Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılmasına, Naxçıvanın tam blokadadan çıxmasına şahid olacağıq".
Deputat onu qeyd edib ki, cənab Prezidentin müsahibəsində qeyd etdiyi mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin dünya üçün əhəmiyyətli logistik məkan olmasıdır:
"Qədim İpək yolunun və Şərq-Qərb magistralının mühüm hissəsinə çevriləcək Orta dəhlizin bir şaxəsi məhz Naxçıvan üzərindən Avropaya çıxacaq və Şərqlə Avropanı birləşdirəcək. Eyni zamanda bu marşrut Türk dünyasının coğrafi bağlılığını da təmin edəcəkdir. Bununla yanaşı, Naxçıvan Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm kəsişmə nöqtələrindən biri olmaqla, ən qısa və az məsrəf tələb edən logistik marşrutlardan biridir.
Eyni zamanda Naxçıvanın böyük günəş enerjisi potensialından, turizm imkanlarından və kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması bölgənin parlaq gələcəyini təmin edəcəkdir.
Bu gün cənab Prezident tərəfindən təməli qoyulan Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması ilə bölgənin məşğulluq, iqtisadi və sosial imkanları daha da genişlənəcəkdir. Şübhəsiz ki, Naxçıvanın hərbi potensialının gücləndirilməsi də olduqca vacib məsələdir. Azərbaycan Ordusunun Naxçıvandakı hissələri hər zaman ən yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur.
Bu da təbiidir. Çünki Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşir və onun təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün güclü ordunun mövcudluğu xüsusi əhəmiyyət daşıyır.
Bütövlükdə götürdükdə, bu səfər olduqca əhəmiyyətlidir və hesab edirəm ki, yaxın müddətdə onun həm Naxçıvanın sosial-iqtisadi həyatında, həm də bütövlükdə bölgənin inkişafında konkret nəticələrini görəcəyik.
Cənab Prezidentin müsahibəsində səslənən mühüm məqamlardan biri də Avropa və digər Qərb ölkələrinin Naxçıvan dəmir yolunun istifadəyə verilməsi və "Tramp yolu"nun açılması ilə bağlı yaradılacaq konsorsium çərçivəsində layihədə iştiraka dəvət olunması idi.
Cənab Prezident bildirdi ki, Azərbaycanın bu işi həyata keçirmək üçün kifayət qədər maliyyə imkanları var. Bununla yanaşı, əgər kimsə bu layihədə iştirak etmək istəyərsə, Azərbaycan onlar üçün də lazımi şəraiti yaratmağa hazırdır.
Heç şübhəsiz ki, digər ölkələrin iqtisadi maraqlarının bu layihəyə cəlb olunması strateji baxımdan da mühüm əhəmiyyət daşıyır. Bu, bölgədə davamlı sülhün möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimadın güclənməsinə müsbət təsir göstərə biləcək mühüm addımdır".
Pərvin Şakirqızı