“34 ildir ki, Şahmarsız həyata öyrəşmişəm, əlbəttə ki, çətindir...” - Sənətkarın xanımı+ÖZƏL
13 Aug 2026, 08:27 26 baxış 2 dəq oxuma
“Şahmar müəllimin anım gününü ailə içərisində qeyd etdik. Məzarını ziyarət edib, dualarımızı etdik. 75 illiyini də, 80 illik yubileyini də təntənəli şəkildə qeyd etmişik. 2 ildən sonra 85 yaşı tamam olur. Allah sağlıq versin, onu da qeyd edəcəyik. Bu itki təzə olanda əlbəttə ki, danışmaq çətin olur. Amma artıq öyrəşmişəm, 34 ildir ki, onu itirmişəm”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar Şahmar Ələkbərovun ömür-gün yoldaşı Kamilla Ələkbərova deyib.
O daha sonra əlavə edib:
“Çox istərdim ki, nəinki Şahmar, digər sənətkarlar haqda da hər zaman məlumatlar olsun. Çünki yetişən gənc nəsil bu sənətkarları tanımalıdır. Təbliğat olmalıdır. Bir sənətkar haqda danışmaq, yazmaq, çəkib nəsə göstərməkdən ötrü gərək onun filmlərinə baxasan və onun haqda məlumata sahib olasan”.
Kamilla Ələkbərova ailəsindən də danışıb:
“Bizim iki övladımız var. Bir qızım Bakıda yaşayır, digəri isə xaricdədir. Nəvəm Eldar da babasının yolunu davam etdirir və çəkildiyi filmlər xaricdə nüfuzlu festivallarda nümayiş olunur”.