Rusiya Prezidenti Vladimir Putinin mübahisəli Kuril adalarına səfəri Yaponiya ilə Moskva arasında uzun illərdir davam edən ərazi mübahisəsini yenidən gündəmə gətirib.


Moderator.az "dw.com" nəşrinə istinadla xəbər verir ki, Rusiya dövlət mediası Putinin Kuril arxipelaqında yerləşən İturup adasına səfər etdiyini bildirib. Bu, Rusiya prezidentinin həmin adaya ilk səfəri kimi təqdim olunur.






Putin səfəri zamanı adada fəaliyyət göstərən balıq emalı müəssisəsinə baş çəkib. Rusiya dilində "İturup", Yaponiyada isə "Etorofu" adlandırılan ada Tokionun “Şimal əraziləri” adlandırdığı və üzərində ərazi iddiası irəli sürdüyü dörd adadan biridir.



Mübahisəli ərazilər İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının nəzarətinə keçib. Yaponiya həmin vaxtdan etibarən dörd adanın öz ərazisinin ayrılmaz hissəsi olduğunu bildirir.


Ərazi mübahisəsi Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalanmasına da uzun müddət mane olub. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra isə iki ölkə arasındakı münasibətlər daha da pisləşib.


Yaponiya sərt etiraz etdi


Yaponiyanın xarici işlər naziri Putinin səfərinə münasibət bildirərək Tokionun kəskin etirazını ifadə edib.


Yaponiya hökumətinin açıqlamasında Kuril adalarının mübahisəli hissəsinin “həm tarixən, həm də beynəlxalq hüquqa görə Yaponiya ərazisinin ayrılmaz hissəsi” olduğu bildirilib.


Qeyd edək ki, Kuril adaları Rusiyanın Kamçatka yarımadasından Yaponiyanın Hokkaydo adasına qədər uzanan strateji əhəmiyyətli arxipelaqdır.



Rusiya liderlərinin mübahisəli adalara səfərləri nadir hallarda baş verir. 2010-cu ildə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev İturup adasına səfər edən ilk Kreml rəhbəri olmuşdu. O, 2015-ci ildə baş nazir kimi də adaya getmişdi.


Putinin Kuril adalarına səfəri Rusiya donanmasının hərbi təlimlərinin keçirildiyi Saxalinə səfərindən sonra baş tutub.


Kuril adaları Sovet İttifaqı dövründən etibarən Moskva üçün mühüm strateji əhəmiyyət daşıyıb. Ərazi ilə bağlı Rusiya-Yaponiya danışıqları uzun illərdir davam etsə də, tərəflər arasında yekun razılaşma əldə olunmayıb.