Rusiya Prezidenti Vladimir Putin ölkənin bütün sərhədləri boyunca təhlükəsizliyin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirib.
Moderator.az "TASS" - a istinadla xəbər verir ki, Putin bu barədə Sakit Okean Donanmasının təlimləri çərçivəsində keçirilən müşavirədə danışıb.
Rusiya lideri qeyd edib ki, hazırda əsas diqqət Ukraynadakı müharibə ilə bağlı gedən danışıqlara yönəlsə də, ölkənin digər sərhədlərində təhlükəsizlik məsələsi də diqqətdə saxlanılmalıdır.
“Bu gün xüsusi hərbi əməliyyat zamanı əsas danışıqlar aparılır. Lakin bizim vəzifəmiz Rusiya dövlətinin bütün sərhədləri boyunca, bütün bölgələrdə təhlükəsizliyini təmin etməkdir”, - deyə Putin bildirib.
O, Sakit Okean Donanmasının məsuliyyət zonasında vəziyyətin “asan olmadığını” da vurğulayıb.
“Dünən donanma komandiri bölgədəki vəziyyətlə bağlı qiymətləndirməsini bölüşdü və mən bununla tamamilə razıyam. Bu gün məqsədlərimizə ən effektiv şəkildə çatmağınız üçün əlavə olaraq nə edilməli olduğuna dair təkliflərinizi eşitmək istərdim”, - Rusiya Prezidenti deyib.