Barmaqları şaqqıldatmağın ciddi oynaq xəstəliklərinə səbəb olub-olmadığı uzun illərdir müzakirə olunur. Mütəxəssislərin sözlərinə görə, bu vərdişin artrit və digər oynaq xəstəliklərinə səbəb olduğunu təsdiqləyən elmi sübut yoxdur. Lakin barmaqları həddindən artıq güclə şaqqıldatmaq və qəsdən səs çıxarmağa çalışmaq oynaqlara, bağlara və vətərlərə zərər verə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.
Məsələ ilə bağlı maraqlı təcrübələrdən birini amerikalı həkim Donald Unger aparıb. O, 50 il ərzində yalnız sol əlinin barmaqlarını mütəmadi olaraq şaqqıldadıb, sağ əlində isə bunu etməyib. Həkim 72 yaşında rentgen müayinəsindən keçərkən nə oynaq xəstəliyi, nə də hər iki əl arasında ciddi fərq aşkar edilib.
Təcrübə yalnız bir nəfər üzərində aparıldığı üçün onu genişmiqyaslı elmi araşdırma hesab etmək mümkün deyil. Buna baxmayaraq, barmaqları şaqqıldatmaq kifayət qədər geniş yayılmış vərdişdir. Müxtəlif hesablamalara görə, insanların 20–50 faizi bu vərdişə malikdir.
Bəs bu səs haradan yaranır?
Oynaqların daxilində sümüklərin hərəkəti zamanı sürtünməni azaldan xüsusi oynaq mayesi mövcuddur. Barmaq dartıldıqda və ya büküldükdə oynaq boşluğu genişlənir, daxildəki təzyiq azalır. Bunun nəticəsində oynaq mayesində həll olmuş qazlardan kiçik qabarcıqlar əmələ gəlir. Məhz bu qabarcıqların yaranması barmaqların şaqqıldaması zamanı eşidilən səsi meydana gətirir.
Mançester Universitetinin revmatoloqu Kimme Hayriç bildirib ki, bu səsin yaranması orqanizmdə baş verən normal fizioloji prosesdir.