Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarını təqdim edib, hərbi hissələrin arsenalındakı silah-sursatla bağlı məruzələri dinləyib.
Xatırladaq ki, Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Ordumuzun inkişafı ilə bağlı dövlət siyasətinin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib, “mükəmməlliyin sərhədi yoxdur” deyərək heç bir uğurun son məqsəd olmadığını vurğulayıb:
“Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm.
Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”.
Avqustun 11-də Naxçıvanda komando hərbi hissələrinin yaradılması Prezidentin ordumuzun inkişafı və bu prosesin sonsuz xarakter daşıyacağı ilə bağlı açıqlamasının praktiki baxımdan qətiyyətlə reallaşdığını göstərir. Bu fakt sübut edir ki, Prezident İlham Əliyev bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə verdiyi vədlərə sadiqdir və dövlətimizin təhlükəsizliyi üçün ardıcıl və sistemli fəaliyyət ortaya qoyur. Heç şübhə yoxdur ki, Naxçıvanda yeni komando hərbi hissələrinin yaradılması respublikamızın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq, onun təhlkəsizliyini daha da gücləndirəcək.
Bir məqamı da qeyd edək ki, Naxçıvanda yeni komando hərbi hissələrinin yaradılması milli təhlükəsizliklə yanaşı, həm də regional təhlkəsizliyə töhfədir.
Heç kimə sirr deyil ki, Azərbaycan hərbi qüdrətinə görə regionun şəriksiz lideridir və bu liderlik bütün Cənubi Qafqazda təhlükəsizliyin əsas qarantı rolunda çıxış edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə tarixi uğura imza atan Azərbaycan Silahlı Qvvələri, bu gün də regional sülh və təhlükəsizliyin başlıca dayağıdır. Bu isə o deməkdir ki, Azərbaycanın hərbi baxımdan güclənməsi milli maraqlarla yanaşı, həm də regional maraqlara xidmət edir və bütün təxribatçı qüvvələr üçün bundan sonra da ən böyük çəkindirici amil olacaq”.
Seymur ƏLİYEV