Anemiyanın kəskin işemik insult keçirən xəstələrdə ölüm riskini əhəmiyyətli dərəcədə artıra biləcəyi müəyyənləşib.


Moderator.az xəbər verir ki, bu barədə "Frontiers in Neurology" jurnalında dərc olunan araşdırmada məlumat verilib.






Tədqiqatçılar ilk dəfə işemik insult keçirən 56 884 xəstənin məlumatlarını təhlil ediblər. Xəstələr orta hesabla 10 il ərzində müşahidə olunub. Onların 15,7 faizində yüngül, 12,2 faizində isə ağır anemiya aşkarlanıb.


Nəticələrə görə, ən yüksək ölüm riski ağır anemiyası olan xəstələrdə qeydə alınıb. Bu qrupda insultdan sonrakı ilk 30 gün ərzində ölüm ehtimalı normal hemoglobin səviyyəsinə malik xəstələrlə müqayisədə təxminən iki dəfə yüksək olub.


Bir ildən sonra ölüm riski 73 faiz, beş ildən sonra isə 52 faiz daha yüksək olaraq qalıb.


Yüngül anemiya da ölüm riskinin artması ilə əlaqələndirilib. Belə xəstələrdə insultdan 10 il sonra belə ölüm riski 16 faiz yüksək olub.


Alimlərin fikrincə, aşağı hemoglobin səviyyəsi insult nəticəsində zədələnmiş beyinə oksigen çatdırılmasını azalda, iltihabi prosesləri gücləndirə və zədələnmiş nahiyənin ətrafındakı toxumalarda qan dövranını poza bilər.


Bununla belə, tədqiqat anemiyanın birbaşa ölümə səbəb olduğunu sübut etmir. Mütəxəssislər bildirirlər ki, anemiya eyni zamanda digər ciddi xəstəliklərin göstəricisi və ya nəticəsi də ola bilər.


Qeyd edək ki, əvvəlki araşdırmalarda müntəzəm olaraq pilləkən qalxmağın vaxtından əvvəl ölüm riskini azaltmaqla əlaqəli olduğu müəyyən edilmişdi.