"Kitabxanalarda mütləq şəkildə bədii ədəbiyyatla bağlı yeni çap olunmuş kitablar olmalıdır. Hazırda Mədəniyyət Nazirliyi nəşriyyatlardan yeni çap olunan kitabları alaraq kitabxanalara göndərir.Mən nazirliyin bu addımını alqışlayıram, amma kitabxanaçıları kütləvi şəkildə ixtisar edib kitabxanaları bağlamaq doğru deyil. İşdən çıxarılanların çoxu minimum əmək haqqı ilə uzun illərdir ki, orada işləyirdilər. Belə insanları bir günün içində kənara atmaq təbii ki, ictimayyət tərəfindən yaxşı qəbul olunmayacaq".
 




Bu sözləri Moderator.az saytına verdiyi açıqlamada millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas səsləndirib.
 
Millət vəkilinin sözlərinə görə bu gün Azərbaycan güclü dövlətdir və hər bir vətəndaşına sahib çıxmaq gücündədir. Vətəndaşları bu formada dövlətdən narazı salmaq olmaz:
 
"Mən 1988-ci ildə doğulduğum Ağcabədi rayonunun Bayat kəndində öz cibimin pulu ilə kitabxana tikdirmişəm və o kitabxananı uzun illər öz vəsaitim hesabına maliyyələşdirmişəm. Həmin kitabxananın önünə Füzulinin büstünü qoydurmuşduq və kitabxana Füzulinin adı ilə adlanırdı.1994-cü ildə o kitabxana dövlət balansına keçdi. 6 il müddətində mən öz qələm dostlarımın köməyi ilə həmin kitabxananı kitabla təmin etdik. Həmin zaman mənə dəstək olan dostlarımdan biri də Rəşad Məcid idi. Bu gün bizim qüdrətli dövlətimiz var və ona görə də, dövlətin uzun illər ayaqda saxladığı kitabxanaları bağlamaq olmaz".
 
Aqil Abbas açıqlamasında mövzu ilə bağlı Milli Məclisdə də çıxış etdiyini bildirib:
 
"Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm. Bildiyim qədəriylə Mədəniyyət Nazirliyi hazırda kitabxanalarla bağlı keçirdiyi attestasiya prosesini dayandırıb. Mədəniyyət naziri ilə də dəfələrlə görüşmüşəm və bu barədə olan fikirlərimi ona şəxsən bildirmişəm".