Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan müzakirələr iqtisadi əməkdaşlıq imkanlarını da yenidən gündəmə gətirib. Ermənistanın Azərbaycana ixrac tədarüklərinə başlamağa hazırlaşdığı barədə yayılan məlumatlar iki ölkə arasında mümkün ticarət əlaqələrinin perspektivləri ilə bağlı sualları artırıb.
Bu prosesin reallaşacağı təqdirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, nəqliyyat və logistika imkanlarının genişlənməsi, eləcə də Cənubi Qafqazda regional iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi ehtimalı müzakirə olunur.
Mümkün ticarət əlaqələrinin Azərbaycanın regional iqtisadi strategiyasına, tranzit və logistika potensialına, həmçinin regiondakı iqtisadi əməkdaşlıq perspektivlərinə necə təsir göstərə biləcəyi maraq doğuran əsas məsələlərdəndir. Eyni zamanda, belə əməkdaşlığın uzunmüddətli və qarşılıqlı faydalı olması üçün hansı iqtisadi, hüquqi və institusional mexanizmlərin formalaşdırılması zəruridir?
Moderator.az-ın suallarını Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov cavablandırıb.
Deputat qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında artıq ticarət əlaqələrinin bərpası həyata keçirilib:
"Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edib. Bütövlükdə, məhz Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 17 milyon dollardan artıq dəyərində yanacaq məhsulları ixrac edib.
Eyni zamanda, təbii ki, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, əslində, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir. Sözsüz ki, iki ölkə arasında aparılan ilkin qiymətləndirmələr göstərir ki, 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi mümkündür. Bu isə illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir.
Konkret məhsullara gəldikdə isə burada həm qida məhsulları, həm də sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları var ki, onların Azərbaycan və Ermənistan arasında ixrac olunması mümkündür. Nəzərə alsaq ki, hər iki ölkə aqrar sektor üzrə ixtisaslaşıb, eyni zamanda bəzi sənaye məhsulları var ki, onlara Ermənistanda tələb mövcuddur.
Həmçinin bəzi məhsullar Ermənistanda istehsal olunur və həmin məhsulların Azərbaycan tərəfindən idxalı mümkündür. Ona görə də ticarət əlaqələrinin bərpası istiqamətində aparılan müzakirələrin Azərbaycan-Ermənistan arasında ticarət dövriyyəsinin strukturuna təsir göstərəcəyi gözlənilir.
Biz növbəti dövrlərdə həm Azərbaycandan Ermənistana təkcə yanacaq deyil, digər məhsulların da ixracını, eyni zamanda Ermənistanın da ilk növbədə bir sıra sənaye məhsullarının Azərbaycana idxalını müşahidə edə bilərik".
Pərvin Şakirqızı