Türkiyənin xarici işlər naziri Hakan Fidanın Cənubi Qafqazda gələcəkdə "Məkkə sazişi" tipli regional təhlükəsizlik mexanizminin mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan sülh prosesinin növbəti mərhələsi, regionun təhlükəsizlik arxitekturası və iqtisadi-kommunikasiya layihələrinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Bəs Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda qarşılıqlı etimada əsaslanan regional təhlükəsizlik mexanizminin formalaşdırılması nə dərəcədə real görünür?
Belə bir model regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə və yeni iqtisadi-kommunikasiya layihələrinin təhlükəsizliyinin təmin olunmasına real zəmin yarada bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Rasim Musabəyov açıqlama verib.
Deputat bildirib ki, ilk növbədə münasibətlər normallaşmalı və sülh müqaviləsi imzalanmalıdır:
"Əlbəttə, ilk növbədə münasibətlər normallaşmalı və sülh müqaviləsi imzalanmalıdır. Nəzərdə tutulan bütün məsələlər və tərəflərin üzərinə götürdüyü qarşılıqlı öhdəliklər yerinə yetirilməlidir.
Yalnız bundan sonra, proses sülh şəraitində davam edərsə, daha mühüm məsələlər müzakirə predmeti ola bilər. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında kommunikasiyaların təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşılıqlı öhdəliklərə dair saziş mövcuddur.
Mən istisna etmirəm ki, müəyyən müddətdən sonra Ermənistan da bu sazişə qoşulsun və bu saziş çərçivəsində bütün təhlükəsizlik məsələləri təmin olunsun.
Bundan sonrakı mərhələdə təhlükəsizlik məsələlərinin hansı format alacağını isə zaman və regiondakı proseslərin inkişafı göstərəcək.
Aydındır ki, təhlükələr əsasən şimal və cənub istiqamətlərindən qaynaqlanır. Lakin region ölkələrinin bu təhlükələrə yanaşması eyni deyil. Məsələn, Gürcüstan İranın davranışını elə də problemli hesab etmir.
Ermənistan isə, baxmayaraq ki, hazırda Rusiya tərəfindən müəyyən təzyiqlərlə üzləşir, hələ də Rusiyanın müttəfiqidir. Ölkə ərazisində Rusiya hərbi bazaları mövcuddur. Azərbaycan isə Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığını möhkəmləndirir".
Pərvin Şakirqızı