Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.
 




Moderator.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər.
 
Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.
 
Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb - 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Millinin üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
 
Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.
 
Hər üç görüş avqustun 16-da keçiriləcək.
 
Qeyd edək ki, çempionatın ilk günündə də millimizin üç boksçusu qələbə qazanıb.