Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı referendum ərəfəsində siyasi gündəmdə diqqət çəkən məsələlərdən biri də Azərbaycanın anklavlarının taleyidir. Ermənistanın "Hraparak" nəşri rəsmi mənbələrə istinadən iddia edir ki, referendumdan sonra anklavlar məsələsinin, ilk növbədə isə Kərki kəndi ilə bağlı mövzunun gündəmə gətirilməsi nəzərdən keçirilir.


Bu məlumatlar Azərbaycanın digər işğaldan azad edilməli anklavlarının da gələcək taleyi və məsələnin sülh gündəliyində hansı mərhələdə həll oluna biləcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.






Maraqlıdır, bu, real siyasi hazırlığın göstəricisi kimi qiymətləndirilə bilər, yoxsa daha çox daxili siyasi gündəmlə bağlı yanaşmadır? Ümumilikdə, Azərbaycanın anklavlarının qaytarılması məsələsinin yaxın perspektivdə irəliləməsi üçün hansı şərtlər formalaşmalıdır?


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə açıqlama verib. 


Millət vəkili qeyd edib ki, Ermənistan mətbuatında referendumdan sonra anklavlar, xüsusilə də Kərki kəndi ilə bağlı müzakirələrin aparılması, əlbəttə, diqqət çəkən məqamdır:


 "Lakin yalnız mediada səsləndirilən fikirlərə əsaslanaraq bunu artıq formalaşmış siyasi qərarın və ya konkret hazırlığın göstəricisi kimi qiymətləndirmək düzgün olmazdı. Burada Ermənistanın daxili siyasi gündəmi, referendumla bağlı proseslər və cəmiyyətdə mümkün reaksiyalar da nəzərə alınmalıdır.


Bununla belə, mövzunun yenidən gündəmə gəlməsi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin tərkib hissəsi kimi anklavlar məsələsinin də gələcəkdə müzakirə predmetinə çevrilə biləcəyini göstərir. Azərbaycanın anklavlarının, o cümlədən Kərkinin hüquqi və siyasi əsaslarla qaytarılması ölkəmizin gündəliyində olan məsələlərdəndir. 


Bunun irəliləməsi üçün ilk növbədə tərəflər arasında qarşılıqlı siyasi iradə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi, kommunikasiyaların təhlükəsizliyi və həmin ərazilərin statusu ilə bağlı konkret mexanizmlərin razılaşdırılması vacibdir.


 Azərbaycan məsələyə emosional yanaşmadan deyil, beynəlxalq hüquq və qarşılıqlılıq prinsipləri əsasında yanaşır. Əgər sülh və normallaşma prosesi real nəticələrlə müşayiət olunacaqsa, anklavlar məsələsinin də danışıqlar yolu ilə həll edilməsi üçün imkanlar genişlənə bilər".


Pərvin Şakirqızı