Məlum olduğu kimi, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniyaya səfər əsnasında bu ölkənin ikinci ən böyük şəhəri olan Kluj-Napoka şəhərinin rəhbərliyi ilə görüşüb. Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeyaya Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında görülən işlər haqqında əytraflı məlumat verən Elçin Yusubov, Prezident İlham Əliyevin müəllifi olduğu sülh siyasətinin də bəhrə verdiyini, Ermənistanla münasibətlərin normallaşmaqda olduğunu vurğulayıb.


Elçin Yusubovun Rumıniya səfəri, Kluj-Napoka şəhərinin vitse-meri ilə görüşü, Rumıniyanın adıçəkilən şəhəri ilə dostluq münasibətlərinin dərinləşməsi, ikitərəfli əməkdaşlığın genişlənməsi ilə yanası, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği baxımından da mühüm əhəmiyyətə malikdir. Məlum görüş zamanı Kluj-Napoka şəhərinin rəhbərliyi 30 ilə qədər davam edən erməni işğalı ilə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfəri haqqında ətraflı məlumatlandırılıb. Eyni zamanda, Kluj-Napoka şəhərinin rəhbərliyinə Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işləri haqqında geniş məlumat verilib. Hansı ki, bu quruculuq işləri Azərbaycan xalqının əməksevərliyini, qurub-yaratmaq bacarığını nümayiş etdirməklə yanaşı, onun bu torpaqların həqiqi sahibi olduğunu da təsdiq edir.







Elçin Yusubov Kluj-Napoka şəhərinin rəhbərliyini Azərbaycanın sülh siyasəti haqqında da məlumatlandırıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşması Avropa ölkələri, eləcə də Rumıniya ilə ticari və iqisadi münasibətlərin inkişfına təkan verir.


Xatırladaq ki, Azərbaycanla Rumıniya arasında münasibətlər son illər sürətlə inkişaf etməkdə, mahiyyət etibarilə yeni mərhələyə yüksəlməkdədir. 2023-cü ildə Rumıniya Prezidenti, 2025-ci ildə isə Rumıniya parlamenti Senatının sədri ölkəmizə səfər edib, Prezident İlham Əliyev tərəfindən böyük ehtiramla qarşılanıb. Hazırda iki dövlət arasında münasibətlər dinamik şəkildə inkişaf edir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun Rumıniyanın Kluj-Napoka şəhərinə səfərinin bu inkşafa töhfə verəcəyi şübhəsizdir.


Onu da qeyd edək ki, Elçin Yusubovla Dan Ştefan Tarçeya arasında baş tutan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin genişləndirilməsi və s. kimi məsələlərlə bağlı razılaşma əldə edilib.


Seymur ƏLİYEV