Yaxın Şərqin bəzi neft ixracatçıları Hörmüz boğazından yanacaq daşınmasını davam etdirmək üçün tankerlərin transponderlərini söndürürlər. Bu üsul enerji bazarında neft qiymətlərinin daha da yüksəlməsinin qarşısını alan amillərdən biri hesab olunur.


Moderator.az Bloomberg-ə istinadən xəbər verir ki, BƏƏ, Qətər və Küveytdən olan tankerlər bir neçə aydır ki, boğazdan transponderləri deaktiv edilmiş vəziyyətdə keçir. Gəmilərin hərəkətinin gizli xarakter daşıması daşınan neftin dəqiq həcmini müəyyənləşdirməyi çətinləşdirir. Bununla belə, Bloomberg-in məlumatına görə, gündəlik daşınma həcmi bazarın əvvəlcədən təxmin etdiyi 4 milyon bareldən çoxdur.






Agentlik bu cür daşımaların ciddi risk daşıdığını bildirir. Məlumata görə, münaqişə başlayandan bəri Əbu-Dabi Milli Neft Şirkətinə məxsus 23 gəmiyə hücum edilib. Hücumlar nəticəsində bir nəfər ölüb, 20 nəfər isə yaralanıb.


Hörmüz boğazından gizli tranzitlə yanaşı, boru kəmərləri ilə daşımaların artırılması və ölkələrin strateji neft ehtiyatlarından istifadə etməsi Yaxın Şərqdəki münaqişənin enerji bazarına təsirini azaltmağa kömək edir.


ABŞ-ın energetika naziri Kris Rayt avqustun əvvəlində bildirib ki, hazırda Hörmüz boğazından gündə təxminən 8-9 milyon barel neft daşınır.


Bununla yanaşı, The Wall Street Journal peyk məlumatlarına əsasən, iyul ayında boğazdan gündə orta hesabla 26 gəminin keçdiyini yazıb. Bu göstərici münaqişədən əvvəlki dövrlə müqayisədə təxminən beş dəfə azdır.