"İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası aralarındakı ittifaqı gücləndirir, müxtəlif ortaq layihələr reallaşdırmağa çalışırlar. Məlumdur ki, ABŞ-da yəhudi və yunan lobbiləri güclüdür və onlar Konqresə təsir edərək adı çəkilən ölkələr arasındakı ittifaqın dəstəklənməsini təmin etməyə çalışırlar".


Moderator.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu öz “Facebook” hesabında paylaşdığı yazıda bildirib.







Şahinoğlu qeyd edir ki, ABŞ-da yəhudi və yunan lobbilərinin təsiri güclüdür və bu dairələr Vaşinqtonun üç ölkə arasındakı əməkdaşlığa dəstəyinin artırılmasına çalışırlar. Onun sözlərinə görə, ABŞ qanunvericiləri GSI layihəsini yalnız elektrik bağlantısı kimi deyil, Avropa, Yaxın Şərq və Hindistan arasında daha sıx iqtisadi əlaqələr yarada biləcək daha geniş strateji şəbəkənin bir hissəsi kimi qiymətləndirirlər.


İllinoys ştatından konqresmen Bred Şnayder və Florida ştatından Qas Bilirakisin rəhbərliyi ilə bir qrup amerikalı qanunverici konqresmen Vaşinqtonun həmin layihəni dəstəkləməsini istəyiblər. Dövlət katibi Marko Rubio və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının rəhbəri Ben Blekə ünvanlanan müraciətdə GSI-nin ABŞ-ın Şərqi Aralıq dənizindəki maraqlarına xidmət etdiyi vurğulanıb.


Şahinoğlu yazır ki, konqresmenlər GSI layihəsini Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) ilə də əlaqələndirirlər. Onların fikrincə, elektrik şəbəkəsinin yaradılması bu dəhlizin reallaşmasında mühüm rol oynaya bilər.


Layihənin həyata keçirilməsi Kiprin Avropanın elektrik sisteminə qoşulmasına, İsrailin enerji təhlükəsizliyinin gücləndirilməsinə və Avropa ilə Şərqi Aralıq dənizi arasında elektrik enerjisinin ikitərəfli ötürülməsinə imkan verə bilər.


Yazıda Fransanın da GSI layihəsinə maraq göstərdiyi, Fransa şirkətlərinin layihədə iştirak və investisiya imkanlarını araşdırdığı qeyd olunur.


Maraqlı məqamlardan biri isə ABŞ konqresmenlərinin Tramp administrasiyasından layihənin həyata keçirilməsinə təsir göstərə biləcək geosiyasi çətinliklərlə bağlı məxfi məlumat tələb etməsidir.


Şahinoğlunun fikrincə, bu, layihənin qarşısında yalnız texniki və maliyyə deyil, həm də ciddi geosiyasi maneələrin olduğunu göstərir. Yaxın Şərqdə davam edən gərginlik və regiondakı bəzi ölkələrin IMEC layihəsinə mənfi münasibəti GSI-nin reallaşmasına təsir göstərə biləcək əsas amillərdəndir.


Beləliklə, GSI layihəsi sadəcə elektrik enerjisinin ötürülməsi layihəsi olmaqdan çıxaraq Şərqi Aralıq dənizində formalaşan yeni geosiyasi və iqtisadi əməkdaşlıq xəttinin mühüm elementlərindən birinə çevrilir.