Rusiya Afrika ölkələrinə terrorizmlə mübarizədə dəstək verməyə və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə Sahel Dövlətləri Konfederasiyasına daxil olan ölkələr arasında münasibətlərin normallaşmasına yardım göstərməyə hazırdır.


Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva ilə danışıqlardan sonra bildirib.






Lavrovun sözlərinə görə, görüş zamanı Sahara-Sahel bölgəsində təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Rusiya bu sahədə Qana və digər Qərbi Afrika ölkələrinə dəstək verməyə hazır olduğunu açıqlayıb.


Rusiya XİN rəhbəri xüsusilə ECOWAS ilə Sahel Dövlətləri Konfederasiyası arasında əlaqələrin bərpasına diqqət çəkib. O bildirib ki, Sahel ölkələri ECOWAS-dan çıxsa da, coğrafi baxımdan qonşu olaraq qalırlar və Moskva tərəflər arasında münasibətlərin normallaşmasında maraqlıdır.


Lavrov həmçinin Sahel ölkələrinin digər Afrika dövlətləri ilə münasibətlərinin yaxşılaşdırılmasının da vacib olduğunu vurğulayıb.