Ukrayna xalqı illər, əsrlər sonra da xalqımızın və Prezidentimizin dəstəyini əbədi minnətdarlıq hissi ilə yad edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib. Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev də “X” hesabında bununla bağlı payıaşım edərək Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqı və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan Prezidentinin “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycan və Ukrayna arasında dostluq və həmrəylik münasibətlərinin yüksək inkişafını əks etdirməklə yanaşı, həm də öz ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparan Ukrayna xalqının humanitar dəstəyinə görə Azərbaycan xalqına etdiyi minnətdarlıqdır. Baş verənlər sübut edir ki, başı ölm-dirim mübarizəsinə qarışan Ukrayna xalqı indiki dar məqamda belə ona humanitar dəstək verən, diqqət və qayğı göstərən Azərbaycan xalqına təşəkkür etməyi özünə borc bilir.
Əslində, Azərbaycanın müharibədən əziyyət çəkən dost Ukrayna xalqına humanitar dəstəyi, Prezident İlham Əliyevin bütün insanlıq qarşısındakı tarixi xidməti kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının, Azərbaycan Prezidentinin Ukrayna xalqına göstərdiyi humanitar yardımlar dövlətimizin və onun başçısının insani dəyərlərə, ümumbəşəri amallara nə qədər böyük önəm verdiyini göstərir.
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilməsi, habelə Ukrayna səfirinin Azərbaycanın dövlət başçısına minnətdarlığı Azərbaycan xalqı və onun rəhbərinin humanizminə, xeyixahlığına və nəcibliyinə verilən qiymətdir. Şübhəsiz, bir gün Ukrayna və Rusiya arasındakı bu müharibə bitəcək, bu gün əsgər çəkməsinin sədaları ilə tityərən torpaqlarda sülhün “addım səsləri” eşidiləcək. Və bu gün olduğu kimi, o zaman – aylar, illər, əsrlər sonra da Ukrayna xalqı geridə qoyduğu dəhşətli müharibə illərinə nəzər salanda, etdiyi yardımlara, göstərdiyi fədakarlıqlara görə xalqımızı və Prezidentimizə əbədi minnətdarlıq hissi ilə yad edəcək.
Seymur ƏLİYEV