Bu, Azərbaycanın beynəlxalq hüquqa ehtiramından, şərəf və ləyaqətinə olan həssasiyyətindən xəbər verir
Məlum olduğu kimi, Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaş beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Rusiyanın bir qrup media təmsilçisinin şovinist fikirlərdən ilham alaraq Azərbaycan dövləti əleyhinə çağırışlar səsləndirməsi, milli nifrət toxumları səpməyə cəhd etməsi, terror və zorakılıqla nəyəsə nail olmağa çalışması Azərbaycan tərəfindən qəbuledilməz olmaqla yanaşı, beynəlxalq hüquq baxımından da yolverilməzdir. Bu, beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaq, onu görməzdən gəlmək və ələ salmaq deməkdir.
Azərbaycanın Rusiyanın üç media təmsilçisini beynəlxalq axtarışa verməsi ölkəmizin beynəlxalq hüquqa ehtiramından, öz şərəf və ləyaqətinə olan həssasiyyətindən xəbər verir. Dövlətimizin bu addımı sübut edir ki, Azərbaycan milli və beynəlxalq qanunlarla ciddi təzad təşkil edən, terroru, zorakılığı təbliğ edən hər bir çağırışı lənətləyir və buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün imkanlardan istifadədə qərarlıdır.
Bundan başqa, baş verənlər bir daha sübut etdi ki, Azərbaycan istənilən təhdidə adekvat cavab vermək qüdrətinə malik olmaqla yanaşı, öz şərəf və ləyaqətinə münasibətdə də son dərəcədə həssasdır. Heç kim daşıdığı statusdan, tutduğu mövqedən, hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, Azərbaycan haqqında təhqiredici fikir səsləndirə bilməz. Bu məsələdə həddi aşan hər kəs Azərbaycan məhkəməsi qarşısında dayanmağa hazır olmalı, onu gözləyən bu aqibətlə bağlı bütün gərəki tədarükünü görməlidir.
Rusiyanın üç media təmsilçisinin axtarışa verilməsi yalnız adıçəkilən ölkədə deyil, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün anti-Azərbaycan qüvvələrinə dərs olmalıdır. Ölkəmiz haqqında yalan və böhtan dolu hədyanlar yağdıran hər bir kəs bilməlidir ki, Azərbaycan hüquq dövləti olaraq bu şəxslərin cəzalandırılması istiqamətində prinsipial addımlar atmağa qadirdir və gec-tez onların hər birinin qanun qarşısında cavab verməsi təmin ediləcək.
Seymur ƏLİYEV