Azərbaycan Mətbuat Şurası Rusiyanın bəzi media resurslarında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli materialların sistemli şəkildə yayılmasını iki ölkə arasındakı münasibətlərin ruhuna zidd hal kimi qiymətləndirir. 


Şuranın bəyanatında belə materialların Rusiya informasiya məkanında ardıcıl şəkildə ortaya çıxmasının mümkün siyasi mənasına da diqqət çəkilir.






Maraqlıdır, bu cür sistemli media ritorikası Azərbaycan–Rusiya münasibətlərinin informasiya müstəvisinə hansı təsiri göstərə bilər və belə halların qarşısının alınması üçün media və aidiyyəti qurumlar hansı mexanizmlərdən istifadə etməlidir?


Mövzu ilə bağlı Moderator.az-a Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli açıqlama verib. 


Professor bildirib ki, Son dövrlərdə Rusiyanın bir sıra mətbuat orqanlarında, eləcə də bəzi televiziya və radio verilişlərində Azərbaycan əleyhinə, Azərbaycanın görkəmli şəxsiyyətlərinə və mədəniyyətinə qarşı ciddi ittihamlar, təhqiramiz ifadələr və iftiralar səsləndirilir:


"Belə yanaşmaların hansı sağlam məntiqə və siyasi düşüncəyə əsaslandığını anlamaq çətindir. Ümumiyyətlə, Rusiyada zaman-zaman Azərbaycan əleyhinə müxtəlif dalğalar şəklində hücumlar müşahidə olunub.


Lakin Rusiya aqoniya vəziyyətinə düşdükcə, özünüqoruma instinkti zəiflədikcə, Ukrayna tərəfindən təzyiqlər artdıqca və hərb meydanında uğursuzluqlar çoxaldıqca, Rusiya idarəçilərinin və media qurumlarının da getdikcə daha çox gərginlik nümayiş etdirdiyi görünür.


Bunun nəticəsində Azərbaycan əleyhinə, Ermənistan əleyhinə, bəzən türk xalqlarına və Türkiyəyə qarşı ağlasığmaz xarakter daşıyan yazılar dərc olunur.

Azərbaycan Rusiya ilə münasibətlərin normal şəkildə qorunmasına çalışır".


Qulu Məhərrəmli vurğulayıb ki, təyyarə böhranından sonra, əlbəttə, bu münasibətlər ciddi sınaq qarşısında qalıb. Bununla belə, Azərbaycan mövcud şəraitdə də məsələlərin soyuqqanlılıqla, rasional yanaşma və siyasi vasitələrlə həllinə çalışır:


"Amma sözün həqiqi mənasında, Moskva rus imperiyaçılığının jestləri ilə davranır. Özünü hələ də imperiya kimi qəbul edir, digər xalqlara yuxarıdan aşağı baxır və müstəqil siyasət yürüdən dövlətlərə qarşı qəzəbli münasibət nümayiş etdirir.


Bütün bunlar, əslində, bir ölkənin siyasətində ciddi böhranların mövcudluğundan xəbər verir. Azərbaycan Mətbuat Şurasının bəyanatı da bütün bu məqamları özündə cəmləşdirən, məsələyə çox soyuqqanlı və əsaslı yanaşmanı əks etdirən, təkzibolunmaz arqumentlərə söykənən sənəddir.


Hesab edirəm ki, Rusiyada, xüsusilə Rusiya mətbuatında sağlam düşüncəli insanlar bu müraciətin mahiyyətini və ruhunu düzgün anlayacaqlar.

Ölkələrarası münasibətlər, əlbəttə, yalnız media münasibətləri üzərindən müəyyənləşmir.


Bu əlaqələr müəyyən ənənələrə, qarşılıqlı maraqlara və siyasi reallıqlara əsaslanır. Azərbaycanla Rusiya arasında da hazırkı mərhələdə yaxın əlaqələrdən və dostluq münasibətlərindən başqa, münasibətlərin hansısa əlavə bir siyasi orbitə yönəldilməsi mümkün deyil".


Pərvin Şakirqızı