Ermənistanın revanşist və rusiyapərəst müxalifətinin rəhbərlərindən olan arxiyepiskop Baqrat Qalstanyan hakim "Vətəndaş sazişi" partiyasının deputatı Artur Hovhannisyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə iddialarına qarşı qaldırdığı böhtan iddiasında məhkəmədə məğlub olub.


Moderator.az bu haqda "Armtimes" nəşrinə və digər mənbələrə istinadla xəbər verir ki, məhkəmə Qalstanyanın iddiasını rədd edib və onu qarşı tərəfin vəkillik xərclərini ödəməyə məhkum edib.






Bu qərar Paşinyanın istefasını tələb edən və kütləvi iğtişaşlarda ittiham olunan Qalstanyanın mübarizə apardığı fonunda Ermənistan daxili siyasi gərginliyini daha da artırır.


Baqrat Qalstanyan və onun etiraz yürüşləri barədə arayış:


Hərəkatın başlanğıcı:


Dünyəvi adı Vazgen olan arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Tavuş yeparxiyasının rəhbəri olub. O, 2024-cü ilin aprelində Ermənistan ilə Azərbaycan arasında delimitasiya prosesi çərçivəsində Tavuşun 4 kəndinin Azərbaycana qaytarılması barədə birtərəfli razılaşmaya qarşı etirazlara rəhbərlik etməyə başlayıb...


İrəvana yürüş və kütləvi aksiyalar:


"Vətən naminə Tavuş" hərəkatını yaradan Qalstanyan 2024-cü il mayın 3-də tərəfdarları ilə birlikdə Tavuşdan paytaxt İrəvana doğru 160 kilometrlik etiraz yürüşünə start verib. Mayın 9-da İrəvanın Respublika meydanına daxil olan yürüş iştirakçıları on minlərlə insanın qatıldığı kütləvi aksiyalar keçirib.


Baş nazir namizədliyi və istefa tələbi:


Meydanda Baş nazir Nikol Paşinyanın istefası üçün vaxt qoyan keşiş, ardınca kütləvi itaətsizlik aksiyalarına çağırış edib. Mayın 26-da keçirilən mitinqdə müxalifət hərəkatı tərəfindən Qalstanyanın Baş nazirliyə namizədliyi irəli sürülüb və o, siyasi fəaliyyətlərinə görə kilsə xidmətini dondurduğunu bəyan edib. Lakin ikili (Ermənistan və Kanada) vətəndaşlığı olduğu üçün onun qanunla bu posta keçməsi hüquqi maneələrlə qarşılaşıb...


Hərəkatın zəifləməsi və cinayət işi:


Nikol Paşinyan bu hərəkatı "köhnə korrupsioner elitanın ("Qarabağ klanı") revanşist cəhdi" adlandırıb və etirazlar xalqın geniş dəstəyini qazana bilmədiyi üçün tədricən zəifləyib. 2025-ci ilin iyununda Baqrat Qalstanyan Ermənistanda dövlət çevrilişinə cəhd və sentyabr ayında 5 mindən çox silahlı yaraqlı qruplaşma vasitəsilə hakimiyyəti devirməyi planlaşdırmaq ittihamı ilə həbs edilib...


S.Laçın