"Tayvan hökuməti əhaliyə 10 min Tayvan dolları məbləğində birdəfəlik ödənişi artıq həyata keçirib. Milli Xəzinədarlıq Administrasiyasının məlumatına görə, 2026-cı il aprelin 30-dək 23,36 milyon nəfər bu ödənişi alıb..."
 




Tayvan Prezidenti Lay Çinq-de adambaşına 10 min Tayvan dolları (17 avqust məzənnəsi ilə təxminən 314 ABŞ dolları) məbləğində birdəfəlik ödənişin həyata keçirilməsini təklif edib.
 
Lay Çinq-de bildirib ki, təşəbbüs gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı nəzərdən keçiriləcək. Büdcə müzakirələrinin avqustun 20-də başlanması planlaşdırılır.
 
Moderator.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Prezidentin sözlərinə görə, Tayvanın iqtisadiyyatındakı sürətli artım ölkənin texnoloji sektorundan əldə olunan gəlirlərin cəmiyyətin daha geniş təbəqələri ilə bölüşdürülməsi imkanını yaradıb. O vurğulayıb ki, hökumət yalnız texnologiya sənayesinə deyil, dolanışığını təmin etmək üçün çalışan hər bir ailəyə diqqət yetirməlidir.
 
Tayvan süni intellekt sistemlərinə tələbatın kəskin artmasından faydalanan dünyanın aparıcı yarımkeçirici istehsalçılarından biridir. Ölkənin iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik ifadədə 12,92 faiz böyüyüb. Tayvanın rəsmi statistika qurumunun məlumatına görə, ilin ilk yarısında iqtisadi artım 13,72 faiz təşkil edib ki, bu da son 50 ilin ən yüksək göstəricisidir.
 
"Reuters"-in məlumatına görə, Tayvan hökuməti 2026-cı il üzrə iqtisadi artım proqnozunu 11,05 faizə yüksəldib. Bu, 1987-ci ildən bəri ölkənin ən yüksək illik artımı ola bilər. Artımın əsas hərəkətverici qüvvəsi qlobal bazarda süni intellekt çiplərinə və əlaqəli texnologiyalara artan tələbatdır.
 
Lay Çinq-denin açıqladığı təşəbbüsün də məhz bu iqtisadi artımdan əldə olunan əlavə gəlirlərin əhaliyə qaytarılması məntiqinə əsaslandığı bildirilir. Prezident ölkənin yarımkeçiricilər, informasiya-kommunikasiya texnologiyaları və istehsal zəncirlərindəki üstünlüklərinin “süni intellekt dividendindən” bütün cəmiyyətin faydalanmasına imkan verdiyini vurğulayıb.
 
Qeyd edək ki, Tayvan hökuməti əhaliyə 10 min Tayvan dolları məbləğində birdəfəlik ödənişi artıq həyata keçirib. Milli Xəzinədarlıq Administrasiyasının məlumatına görə, 2026-cı il aprelin 30-dək 23,36 milyon nəfər bu ödənişi alıb. Bu, həmin proqram üzrə nəzərdə tutulan 23,56 milyon mümkün benefisiarın 99,14 faizini təşkil edib.
 
Yeni təşəbbüs qəbul edilərsə, növbəti 10 min Tayvan dolları ödənişinin 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. 2027-ci ilin büdcəsinə bu məqsədlə 235,7 milyard Tayvan dolları (təxminən 7,4 milyard ABŞ dolları) vəsait ayrılıb. Hazırda isə kimlərin bu vəsaiti almaq hüququna malik olacağı və ödənişin hansı mexanizmlə həyata keçiriləcəyi ilə bağlı yekun detallar açıqlanmayıb.
 
Tayvanın əhalisi təxminən 23 milyon nəfərdir. Ölkənin sürətlə böyüyən texnologiya sektorundan əldə etdiyi gəlirlərin əhaliyə birbaşa ödəniş formasında qaytarılması isə iqtisadi artımın sosial dividendlərinin bölüşdürülməsi məsələsini yenidən gündəmə gətirib.
 
S.Laçın