Son vaxtlar Rusiyadakı bəzi media nümayəndələrinin anti-Azərbaycan kampaniyası davam edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiyanın üç media təmsilçisini terror və zorakılıqla bağlı səsləndirdiyi çağırışlara görə beynəlxalq axtarışa verməsi, bu kampaniyanın miqyasının təhlükəli həddə çatdığını göstərir.


Rusiya mediasının məlum kampaniyasına bəzi məmurlar da qoşulub ki, bu da baş verənlərin təsadüf olması ehtimalını şübhə altına alır. Anti-Azərbaycan kampaniyasının Rusiyadakı azərbaycanlı diaspor nümayəndələri, iş adamları və sadə vətəndaşlara qarşı ciddi basqı ilə paralel müşahidə edilməsi, baş verənlərin hansısa mərkəzdən koordinasiyalı şəkildə həyata keçirildiyini düşünməyə əsas verir. Görünən odur ki, Azərbaycanın müstəqil və qətiyyətli siyasəti, hərbi, iqtisadi və diplomatik müstəvidə əldə etdiyi uğurlar, işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi  beynəlxalq miqyaslı layihələr, qlobal sferada yeni strateji tərəfdaşlar tapması və s. Rusiyadakı bəzi dairələr qıcıqlandırır. Məhz buna görə də onlar Azərbaycanı parçalamaq, onun daxilində ciddi qarşıdurma və münaqişə ocaqları yaratmaqla zəiflətmək haqqında düşünür, bu düşüncəni KİV vasitəsilə Rusiya ictimai şüurunun bir hissəsinə çevirməyə çalışırlar. Lakin Rusiyadakı anti-Azərbaycan dairələri bilməlidir ki, bu cür kampaniyalarla nəyəsə nail olmaları mümkün deyil. Necə ki, Ermənistan və Fransa uzun illər ərzində həyata keçirdikləri oxşar kampaniyalarla məyusluqdan başqa heç nəyə nail olmayıblar. Rusiyanın da bu cür kampaniyalarla nəyəsə nail olması mümkünsüzdür. Əksinə, dövlətimizə qarşı qarayaxma və təzyiq kampaniyasının davam etməsi, Azərbaycanı adekvat addımlar atmağa vadar edə bilər ki, bunun da nəticəsi Rusiya üçün kifayət qədər acıanacaqlı ola bilər.






Rusiyadakı anti-Azərbaycan dairələri unutmamalıdırlar ki, Ukrayna xalqına qarşı apardıqları müharibə Moskvanın bütün dünyadakı nüfuzuna ölümcül təsir göstərib və bu təsir dinamik şəkildə artmaqdadır. Bu gün dünyanın bir çox ölkəsi Rusiyaya qarşı sanksiyalarda aktiv şəkildə itirak etməkdə, açıq şəkildə anti-Rusiya cəbhəsində yer almaqdadır. Belə bir məqamda Rusiyanın “qaşınmayan yerdən qan çıxarmaq” cəhdi onun qlobal miqyasdakı təcridini sürətləndirə, onu daha çətin və çıxılmaz vəziyyətə sala bilər.


Başqa sözlə desək,  Rusiyanın anti-Azərbaycan kampaniyası ilk növbədə Kremlin öz dayaqlarını sarsıdır ki, məlum kampaniyaya rəvac verənlərin bu həqiqəti görməməsi təəccüb doğurur.


Ümid edək ki, Rusiyadakı məlum dairələrin reallıq hissi onların imperiya dönəmindən ilham alan gülünc xəyallarına qalib gələcək, Azərbaycanın dostluq və mehriban qonşuluq siyasətini zəiflik kimi başa düşmək ənənəsindən imtina edəcəklər. Və onlar Azərbaycanın beynəlxalq hüquq və qarşılıqlı hörmətə əsaslanan qonşuluq siyasətinə adekvat münasibət ortaya qoymaqla Rusiyaya ən böyük yaxşılığı etmiş olacaqlar.


Seymur ƏLİYEV