"Azərbaycan Baş Prokurorluğu tərəfindən respublikanın konstitusiya quruluşunu zorakılıqla devirməyə çağırış ittihamı ilə axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları Rusiyanın Bakıya münasibətdə rəsmi mövqeyini əks etdirmir".
Moderator.az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin rəylərinin Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi yoxdur.
"Biz hesab edirik ki, Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə, 22 fevral 2022-ci il tarixində Moskvada ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - deyə diplomatik idarənin saytında dərc olunan bəyanatda vurğulanır.