Tehran Prokurorluğu "Azad" internet proqramının direktoru və aparıcısı Mehdi Əhmədinin media fəaliyyətini qadağan edib.


 






Moderator.az İran və digər xarici mənbələrə istinadla xəbər verir ki, İranda müstəqil jurnalistlərə qarşı təzyiqlərin artdığı bir dövrdə baş verən bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunub.


 


Bu haqda jurnalistin özü də sosial media hesabında məlumat yayıb.



"Mən, Mehdi Əhmədi, göndərilən çağırış bildirişindən sonra avqustun 15 və 16-da ittihamlarla tanış olmaq üçün prokurorluğa getdim. Yalan yaymaq ittihamı ilə barəmdə cəza tədbiri görülsə də, məhkəmə orqanının qərarına əsasən, girov müqabilində azadlığa buraxıldım. Ancaq növbəti qərara qədər "Azad" media orqanında hər hansı müsahibə dərc etmək barədə qadağa tətbiq edildi", —deyə o bildirib.


 


İran ədliyyə-məhkəmə sisteminin media orqanı olan "Mizan" saytı isə proqramın hazırlanmasında və yayımında rolu olan şəxslərə qarşı cinayət işinin açıldığını yazıb və onların "çoxsaylı media pozuntularına" yol verdiklərini iddia edib.


 


İran rəsmi KİV-lərinin məlumatına görə, rəsmi Tehran bu addımı "ictimai rəyi çaşdırmaq və dövlət təhlükəsizliyinə zərbə vurmaq" cəhdlərinin qarşısını almaq bəhanəsi ilə əsaslandırmağa çalışır.


 


Xarici mənbələrin və İrandakı İnsan Haqları Fəallarının Xəbər Agentliyinin ("HRANA") yaydığı əlavə məlumatlara görə, "Azad" platforması son dövrlər ölkədəki repressiyalar, iqtisadi böhran və korrupsiya mövzularını kəskin tənqid etdiyi üçün sistemli şəkildə təqib olunurdu. Beynəlxalq media ekspertləri qeyd edirlər ki, proqramın "Yutub" (YouTube) üzərindən 160 mindən çox abunəçiyə çatması və geniş auditoriya toplaması Tehran rejimini ciddi şəkildə narahat edib. Bu səbəbdən prokurorluq təkcə aparıcını deyil, proqramın texniki heyətini və qonaqlarını da hədəf alıb.


 


Qeyd edək ki, yayımına qadağa qoyulan proqramda İranın hazırkı siyasi-ictimai vəziyyəti müzakirə olunub, həm ölkə daxilindəki, həm də mühacirətdəki müxalif fiqurlarla cəsarətli müsahibələr aparılıb və hakimiyyətin siyasətləri açıq şəkildə tənqid edilib.


S.Laçın