Bugünlərdə Rusiyanın bəzi media nümayəndələrinin yeni anti-Azərbaycan kampaniyasına start verməsi ölkəmizə haqlı narazılığa səbəb olub. Dövlətimizə yönəlik terror və zorakılıqla bağlı çağırışlar səsləndirdiyinə görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Rusiyanın üç media təmsilçisi beynəlxalq axtarışa verilib, Azərbaycan XİN-ni baş verənlərlə bağlı Rusiyanın ölkəmizdəki səfirliyinə rəsmi etirazını bildirib.
Maraqlıdır, Rusiyanın anti-Azərbaycan kampaniyasının ifşasında Azərbaycan mediası lazımınca aktivik sərgiləyirmi?
Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli öncə Rusiyadakı məlum kampaniyanın səbəblərinə aydınlıq gətirib:
“Azərbaycanın sürətli inkişafı, sülh siyasəti, qlobal arenada əldə etdiyi uğurlar Rusiyadakı bəzi dairələri qıcıqlandırır. Buna görə də onlar Azərbaycanla bağlı bu cür qarayaxma kampaniyaları həyata keçirir, təhdid və zorakılıqla bağlı fikirlər səsləndirirlər.
Xatırladım ki, Azərbaycan-Rusiya münasibətləri əsasən normal olub. Xüsusilə də Azərbaycanın müstəqilliyi dönəmində bu münasibətlərin səviyyəsi müsbət xarakterizə oluna bilər. Lakin son vaxtlar Rusiyadakı bəzi media orqanlarının həyata keçirdiyi anti-Azərbaycan kampaniyası ölkəmizdə haqlı narazılıq və etirazla qarşılanmaqdadır”.
Professor qeyd edib ki, artıq Azərbaycan dövləti məlum olayla bağlı müəyyən addımlar atıb və bu addımlar mediamızın dəstəyi ilə müşahidə edilməkdədir:
“Təbii, Azərbaycan dövləti baş verənlərlə bağlı lazımi addımları atıb və bundan sonra da atacaq. Rusiyanın üç media təmsilçisinin beynəlxalq axtarışa verilməsi faktı buna nümunədir. Baş verənlərin ardınca Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova açıqlama verərək həmin jurnalistlərin fikirlərinin Rusiya dövlətinin mövqeyini ifadə etmədiyini bildirdi. Media təmsilçilərinin anti-Azərbaycan kampaniyasına qoşulan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev də tutduğu vəzifədən istefa verdi. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövlət öz işçini görür və Azərbaycan mediası da ona ciddi dəstək verməkdədir. Mən mediamızın bu sahədəki fəaliyətindən razıyam və əminliklə bildirirəm ki, Azərbaycan mediası Azərbaycan dövlətinə dəstəyini heç vaxt əsirgəməyəcək”.
Seymur ƏLİYEV