ABŞ prezidenti Donald Tramp bu payız Şimali Koreya lideri Kim Çen Inla görüşmək və iki ölkə arasında dialoqu bərpa etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən Donald Trampın bu payız Şimali Koreya lideri Kim Çen Inla görüş keçirmək üçün hazırlıq imkanlarını araşdırdığını yazıb
Məlumata görə, Tramp noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində iştirak edə bilər. ABŞ və Şimali Koreya liderlərinin görüşünün məhz bu səfər çərçivəsində baş tutması ehtimalı nəzərdən keçirilir. Hazırda isə rəsmi planlaşdırmanın aparılmadığı bildirilir.
Trampın Kim Çen Inla görüşü Şimali Koreya ilə diplomatik əlaqələri yenidən canlandırmaq və Pxenyanı nüvə proqramından imtina etməyə inandırmaq üçün fürsət kimi gördüyü qeyd olunur.
Bununla belə, ekspertlər və bəzi ABŞ rəsmiləri görüşdən ciddi nəticələr gözləmirlər. Ağ Evdəki mənbə isə Tramp və Kim Çen In arasında görüşün vaxtı çatanda baş tutacağını bildirib.
Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə Şimali Koreya lideri ilə üç dəfə görüşüb. Liderlərin son görüşü 2019-cu ildə baş tutub.